×
A
A
A
Sazlamalar

Neftçaladakı çimərlik zonalarında sakinlərin təhlükəsizliyinə ciddi nəzarət olunur

Neftçala, 13 iyul, Mahir Babayev, AZƏRTAC

Yayda istirahət üçün kimisi dağlar qoynuna, kimisi dənizə, kimisi də çaya üz tutur. Qızmar yay günlərində neftçalalıların da ən çox üz tutduqları yerlərdən biri Xəzər dənizi sahilidir. Dənizin sahilində yaradılan çimərlik yay aylarında rayon sakinlərinin, xüsusilə yeniyetmə və gənclərin sevimli istirahət məkanına çevrilir. Buraya gələnlər suya baş vuraraq sərinləyir, qızmar qumun üzərində uzanaraq günəş vannası qəbul edirlər. Sakinlər çaydan fərqli olaraq Xəzər dənizində çimməyin özünəməxsus özəlliklərinin olduğunu deyirlər.
Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Neftçala məntəqəsinin rəisi Ceyhun Xankişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hər il olduğu kimi, bu il də çimərliyə gələnlərin təhlükəsizliyini təmin etmək üçün sahilboyu müəyyən olunmuş xətt üzrə nişanlar qoyulub, müşahidə qülləsi quraşdırılıb, ərazidə maarifləndirici plakatlar asılıb. Nişanlardan kənara çıxanlara və çimərlik qaydalarını pozanlara dərhal xəbərdarlıq edilir. Bəzən uşaqlar valideynlərinin nəzarətindən çıxaraq sərinləmək üçün qeyri-çimərlik ərazilərinə və yaxud da su kanallarına üz tuturlar. Bu isə bəzi hallarda faciə ilə nəticələnir. Şükürlər olsun ki, builki çimərlik mövsümündə rayonda suda boğulma halları qeydə alınmayıb.

Regionlar 2019-07-13 13:48:00