×
A
A
A
Sazlamalar

Qusarda vətəndaşlar icbari tibbi sığortanın ölkə üzrə tətbiqi haqqında maarifləndirilib

Qusar, 13 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 13-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Qusar Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi görüşdə vətəndaşlar icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıq haqqında maarifləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Mədəniyyət Sarayında keçirilən tədbirdə Dövlət Agentliyinin məsul əməkdaşları Tural Qulu və Elvin Abbasov çıxış edərək bildiriblər ki, ilin sonunadək Bakı şəhərində, regionlarda, həmçinin ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Regionlarda əhali ilə ilk görüş Quba rayonunda təşkil olunub. Bu görüşlərdə əhaliyə gələn ildən tətbiq olunacaq icbari tibbi sığorta sistemi, fəaliyyət istiqamətləri, sığorta haqları, tibbi sığorta ilə əlaqədar xidmətlər paketi haqqında ətraflı məlumat verilir.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən səhiyyə islahatları icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar yaradıb. İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.
Diqqətə çatdırılıb ki, üç ilə yaxındır ölkənin üç bölgəsində icbari tibbi sığorta üzrə pilot layihə tətbiq olunur. Pilot layihə çərçivəsində bir sıra dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlığın bariz nümunəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvinninq layihəsidir. Layihənin icrasına 2017-ci ilin avqustunda başlanılıb. Bu müddət ərzində Azərbaycan, Fransa və Litvadan olan mütəxəssislər birgə işləyib və nəzərdə tutulan hədəflərə çatıblar.
Görüşdə xarici ekspertlər - litvalı Gediminas Çerniauskas və fransalı Mişel Villak öz ölkələrinin icbari tibbi sığorta sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüblər.
Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov çıxış edərək deyib ki, görülən işlər səhiyyə xidmətinin də hərtərəfli təşkilinə imkan verir. Rayon mərkəzi xəstəxanası yenidən qurulub, müasir tibbi avadanlıqlarla təchiz olunub. İcbari tibbi sığortanın tətbiqi də bu tədbirlərin davamı kimi həm səhiyyə işçiləri, həm də sakinlər tərəfindən minnətdarlıqla qarşılanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Regionlar 2019-07-13 13:22:00