×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi xaricdə ali təhsil almaq istəyənləri diqqətli olmağa çağırır

Bakı, 13 iyul, AZƏRTAC

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlanmasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır. AZƏRTAC bununla bağlı Təhsil Nazirliyinin tövsiyələrini təqdim edir:
-Ali təhsil müəssisəsinin (eləcə də onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olması;
Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.
-Təhsilalma formasının Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olması;
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant, eksternat, fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil. Bu baxımdan tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat əldə edilməsi tövsiyə olunur.
-Təhsilin keyfiyyəti;
Təhsil Nazirliyi vətəndaşları xaricdə əldə edəcəkləri təhsilin keyfiyyətinə xüsusi diqqət yetirməyə çağırır. Abituriyent ali təhsil müəssisəsini seçərkən, onun beynəlxalq reytinq cədvəllərindəki (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) ümumi və konkret ixtisaslar üzrə yerini araşdırması tövsiyə olunur.
Əlavə olaraq, xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara dair zəruri məlumatlarla ani.edu.gov.az internet səhifəsinin “Mütəmadi verilən suallar” bölməsində tanış olmaq mümkündür.
Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır.
Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşan insanlardan Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) məlumat verməsi xahiş edilir.

Elm və təhsil 2019-07-13 13:13:00