×
A
A
A
Sazlamalar

Ulu Öndər ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində misilsiz xidmətlər göstərib

Naxçıvan, 13 iyul, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə gəlməsindən qısa vaxt sonra respublikamızda inkişaf və tərəqqi özünü göstərməyə başladı.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin 50 illiyi ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsində keçirilən konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.
Akademik bildirib ki, Ulu Öndərin Azərbaycanın problemlərini dərindən bilməsi, onların həlli yollarını müəyyənləşdirməsi, ən başlıcası isə bütün xalqı vahid məqsəd ətrafında birləşdirməsi gələcək uğurlar və inkişaf üçün əsas oldu. Görkəmli dövlət xadimi respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevirdi. Aqrar sahədəki uğurlar, xüsusilə üzümçülük və pambıqçılıq rekord səviyyədə inkişaf etdirildi. Respublikamız iqtisadi artım sürətinə görə orta ittifaq səviyyəsini üstələdi. Bu illərdə Azərbaycanda istehsal olunan milli gəlirin həcmi 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulunun həcmi 2,3 dəfə artdı. Respublikamızda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi. Ümumiyyətlə, bu dövrdə 250 zavod və fabrik tikildi, yaxud yenidən quruldu.
Qeyd edilib ki, qısa zaman ərzində yüksəkixtisaslı kadr hazırlığına diqqət artırıldı, azərbaycanlı gənclər keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı, gənclərin hərbi ixtisaslara yiyələnməsi təmin edildi. Mədəniyyətin inkişafına diqqət artırıldı, elm və mədəniyyət xadimlərinə yüksək fəxri adlar verildi.
Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət 1990-1993-cü illərdə Naxçıvanda yaşadığı və Ali Məclisə Sədrlik etdiyi dövrdə bir sıra tarixi qərarların qəbul edilməsinə nail oldu. İmperiya qoşunlarının silah-sursatı və hərbi texnikanı yaranmaqda olan yerli orduya təhvil verməsi, özəlləşdirmənin həyata keçirilməsi, SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvanda baş tutmaması, üçrəngli bayrağın Naxçıvan parlamentində ucaldılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qəbul edilməsi, Naxçıvan MSSR-in adından “sovet sosialist” sözlərinin çıxarılması, Naxçıvan Ali Sovetinin Ali Məclis adlandırılması, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi və bu kimi digər mühüm qərarların qəbulu Heydər Əliyev qətiyyətinin, uzaqgörənliyinin nəticəsi idi.
“Ümummilli Lider 1993-cü ildə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə də müdrikliyi və qəti mövqeyi ilə ölkəmizi məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qoruya bildi, atəşkəsə nail oldu, “Əsrin müqaviləsi” bağlanıldı. Ulu Öndər Azərbaycan Respublikasının hərtərəfli inkişafını təmin etdi, gələcək inkişafı üçün strateji xətti müəyyənləşdirdi”, - deyən İsmayıl Hacıyev vurğulayıb ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. Bunu ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar.
Sonra AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əliəddin Abbasov “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyevin dövlətçilik təlimi və Azərbaycan”, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Ümummilli lider Heydər Əliyev və Azərbaycan elmi”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev və Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanması”, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Heydər Əliyev və Azərbaycanın mədəni inkişafı”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev “Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycanın görkəmli şəxsiyyətləri”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzularında çıxış ediblər.

Regionlar 2019-07-13 12:56:00