×
A
A
A
Sazlamalar

Azərbaycanda aqrar sahənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Lənkəran, 13 iyul, Bağır Əliyev, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı vaxtdan respublikamız dünyada tanınmağa, iqtisadi sahədə uğurlarımız artmağa başladı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan kəndinin siması dəyişdi, kəndlərə şəhər mədəniyyəti gəldi.
Bu fikirləri Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
Lənkəran rayonunun inkişafının ulu öndər Heydər Əliyevin hər zaman xüsusi diqqət mərkəzində olduğunu, onun 6 dəfə (1973, 1974, 1979, 1992 və 1998-ci illər) Lənkərana səfər etdiyini vurğulayan A.Yaqubov böyük rəhbərin rayona hər gəlişində zavod, fabrik və digər müəssisələrdə görüşlər keçirdiyini, tarlalarda zəhmət adamları ilə birbaşa ünsiyyətdə olduğunu, bu səfərlərin Lənkəranın sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisəyə çevrilməklə ümumi irəliləyişə güclü təsir etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, 1969-cu ildən 1982-ci ilə qədər Lənkəranda sənaye və kənd təsərrüfatı istehsalı sahəsində yüksək nailiyyətlər əldə edilib. Bu dövrdə əhalinin yaşayış səviyyəsi bu göstəricilərə uyğun olaraq kifayət qədər yaxşılaşıb, Lənkəran böyüyüb, çiçəklənib və böyük şəhərə çevrilib. Lənkəranda Xanbulançay su təsərrüfatı kompleksinin tikintisi müvəffəqiyyətlə başa çatdırıldı. Ümumi uzunluğu 40 kilometrə çatan kanallarla Lənkəran rayonunun 6 sovxozunun, Astara rayonunun 3 sovxozunun və digər təsərrüfatların torpaqları suvarıldı. Kompleksin tikintisinə 50 milyon manat vəsait sərf edilib. Xanbulançay dəryaçası 22 min hektar, yəni, 1975-ci ildəkindən təqribən 5 dəfə çox münbit torpağı suvarmağa, Lənkəranda faraş tərəvəz istehsalını az bir müddət ərzində 200-250 min tona çatdırmağa, çay və subtropik bitkilər əkinini xeyli genişləndirməyə imkan vermişdi.
1993-cü ildə Azərbaycanda yaranmış çox ağır ictimai-siyasi və iqtisadi şəraitdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev keçirdiyi görüşlərdə və müşavirələrdə dəfələrlə qeyd edirdi ki, ölkəmizdə həyata keçiriləcək aqrar islahatlar Azərbaycan xalqının milli mənafeyinə xidmət etməlidir.
Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında" qanun layihələri 1995-ci ildə, "Torpaq islahatı haqqında" qanun layihəsi isə 1996-cı ildə qəbul edildi. Bununla da 1996-cı ildən başlayaraq ölkədə MDB məkanında analoqu olmayan aqrar islahatları başlandı.
Uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində sovxoz və kolxozların torpaqları və əmlakı kənd əhalisinə verildi. Lakin ümummilli lider Heydər Əliyev çox yaxşı bilirdi ki, yalnız torpaqları və əmlakı xüsusi mülkiyyətə verməklə kənd təsərrüfatında lazımi nəticələr əldə etmək mümkün deyil. Odur ki, ulu öndər Heydər Əliyev 22 mart 1999-cu il tarixdə "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" Fərman imzaladı. Kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının satılması barədə qərar qəbul etdi. Kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.
"1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında" Fərmanda göstərilirdi ki, kənd təsərrüfatının inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Proqramın böyük bir bölməsi aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı adlanırdı.
A.Yaqubov daha sonra deyib: “Mən həmin illərdə xarici ölkədə biznes fəaliyyəti ilə məşğul idim. Ölkəmizdə yaradılan bu münbit şəraiti görərək Vətənə qayıtdım. 2006-cı ildə “Yaşıl çay” fermer təsərrüfatını yaratdım. Əvvəlcə heyvandarlığı inkişaf etdirdim. Sonra buradan əldə etdiyimiz gəliri çayçılığın inkişafına sərf etdim. Məhz Ulu Öndərin aqrar sahəyə diqqəti sayəsində ölkəmizdə yaradılmış münbit zəmin nəticəsində bir sıra uğurlara nail olmuşuq. Hazırda 150 hektar torpaq sahəmiz var. 70 hektar sahədə çay, 5 hektar sahədə sitrus, 2 hektar sahədə tut bağı salmışıq. Müasir avadanlıqla təchiz edilmiş çay seximiz fəaliyyət göstərir. Zəhmətimiz hədər getmədi.”
Aqrar sahədə ən uğurlu və sürətli inkişaf dövrünün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən fermer təsərrüfatının rəhbəri bildirib ki, Prezident İlham Əliyevin təsərrüfatımızla tanış olması bizim üçün ən böyük mükafat oldu. Bu gəliş işçilərimizdə böyük ruh yüksəkliyi yaratdı. Son iki ildə fəaliyyətimiz yüksək dəyərləndirilib. Ötən il dövlətin ali mükafatına - “Tərəqqi” medalına, bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalına layiq görülmüşəm.
Sonda A.Yaqubov deyib: “Vaxtilə ümummilli lider Heydər Əliyev Lənkəranda inşa edilən Xanbulançay dəryaçasının açılışı zamanı qəsəbəmizdə olmuşdu. Bundan sonra çayçılıq qəsəbəmizdə öz yüksək inkişafına çatmışdı. 2017-ci ildə isə Prezident İlham Əliyevin də təsərrüfatımızda olması bizi daha yaxşı işləməyə ruhlandırıb. İnanırıq ki, Ulu Öndərin ölkəmizdə böyük inkişafın təməlini qoyduğu aqrar sahədə, xüsusən çayçılıq sahəsində yeni-yeni uğurlar qazanılacaq.”

Regionlar 2019-07-13 12:53:00