×
A
A
A
Sazlamalar

Azərbaycan din və media arasında ən sağlam münasibətlərin olduğu nadir ölkələrdəndir

Bakı, 13 iyul, AZƏRTAC

Mübaliğəsiz demək olar ki, Azərbaycan din və media arasında sağlam, konstruktiv münasibətlərin olduğu nadir ölkələrdəndir. Həqiqət bundan ibarətdir və bu, vacib reallıqdır. Din mənəviyyatın bel sütunudur, milli ideologiyanın tərkib hissəsidir. Dini-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini gözəl dəyərləndirən ulu öndərimiz Heydər Əliyev hər zaman ümumxalq mənafeyi, dövlətçilik maraqları naminə bu dəyərli xəzinədən bəhrələnir, ona qayğı ilə yanaşırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunun davamı olaraq dinin cəmiyyət həyatında rolunu yüksək dəyərləndirir və milli-mənəvi dəyərlərimizin, dini irsimizin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə diqqət və qayğı göstərir.
Dinin düzgün şəkildə təbliği və insanlara çatdırılması mühüm önəm kəsb edən məqamlardandır. Bunun vaciblik dərəcəsini Yaxın Şərq ölkələrində davam edən faciəvi proseslər aydın şəkildə göstərdi. Dinin siyasiləşdirilməsi dövlətlərin siyasi dayanıqlılığına da dəlalət etmək gücündə olan amildir. Məsələn, İraq, Suriya və s. dövlətlərdə baş verən məlum proseslər bunun bariz nümunəsidir.
Ölkələrdə siyasi qarışıqlıq yaratmaq istəyən, “parçala, hökmranlıq et” siyasəti yürüdən bəzi qruplar öz maraqlarını təmin etmək üçün din amilindən “uğurla” istifadə edirlər. Dini və milli-mənəvi dəyərlər bu gün bəzi maraqlı qüvvələrin, dünya güclərinin alətinə çevrilir. Son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsi xüsusilə təhlükəlidir. Dindən siyasi məqsədlər naminə sui-istifadə meyillərinin açıq sezildiyi bölgə və ölkələrdəki acınacaqlı durum bir daha belə məsələni gündəmə gətirir ki, din mənəvi amil olaraq doğru-düzgün, elmi şəkildə əsaslandırılmış şəkildə cəmiyyətə təqdim olunmalı, onun dəyərlər sistemi, əxlaqi, fəlsəfi, bəşəri idealları lazımi şəkildə təlqin olunmalıdır.
Bu işdə mətbuatın üzərinə böyük vəzifə, məsuliyyətli iş düşür. Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadəyə, dini siyasiləşdirməyə cəhd kimi fəsadlı yanaşmalardan uzaq olmalı, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə reallıqlarını nəzərə almalı, dinlə bağlı mövzulara xüsusilə diqqətli və həssas yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, radikal, ekstremist fikirlərin yayılması, son nəticədə, xalqların milli varlıq və dövlətçilik ənənələrinin məhvinə qədər aparıb çıxara bilər. Sirr deyil ki, bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davamlı şəkildə apararaq, ölkəmizlə bağlı çirkin, bədxah niyyətlərini həyata keçirmək üçün çalışırlar. Dini dözümsüzlük, məzhəblərarası ixtilaf, əsasən, xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən məqsədyönlü şəkildə yeridilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ, əks müqabil olaraq xaricdən idarə olunan destruktiv media formalaşdırmağa çalışırlar. Azərbaycan dövləti bu cür xəbər mənbələrinə qarşı ciddi mübarizə aparır. Bu cür dini təhdidlərə qarşı mübarizədə sağlam əsaslar, milli, dini maraqların təəssübü üzərində qurulmuş, ictimai maraqlara xidmət müstəvisində fəaliyyət göstərən media dövlətə mühüm dəstək göstərir.
Hər bir ölkədə, o cümlədən Azərbaycanda dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideoloji əsaslarla yetişməsində böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın önəmli yeri var. Ziyalılarımız və jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidirlər. Bu baxımdan, Azərbaycan Respublikası Mətbuat Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu mövzuda keçirdiyi çoxlu sayda davamlı maarifləndirici tədbirlər xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı ehtiram şəraitində fəaliyyət göstərirlər. Reallıq bundan ibarətdir ki, ölkəmizdəki dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlərə baxmayaraq, Azərbaycan güclü dövlətdir, özünün təhlükəsizliyini, dövləti mənafeyini və milli maraqlarını ən yüksək səviyyədə qorumaq iqtidarındadır. Bununla yanaşı, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması məsələsini də diqqətdən kənarda saxlamaq olmaz. Media xüsusilə müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biri statusunu qazanıb. Artıq sosial şəbəkələr də informasiya mənbəyidir. Hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz media tərəfindən və ya onun vasitəsilə təqdim edilir, interpretasiya olunur. Bütün bu məqamlar mətbuatın gücünü, təsir vasitələrini dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.
Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb, onların müdafiəsində dayanıb. Mətbuatımızın bünövrəsi sayılan “Əkinçi” qəzeti də milli dəyərlərə söykənib, özündən sonrakı nəşrlərə gözəl örnək olub. Unudulmamalıdır ki, böyük mütəfəkkir Həsən bəy Zərdabi ilk milli qəzetimizi yaradarkən məhz maarifçilik xəttini önə çəkmişdi. Milli mətbuatımız bu baxımdan möhkəm dayaqlar üzərində təşəkkül tapıb. Azərbaycanın keçdiyi yola nəzər salanda ötən illər ərzində yaşanan təbəddülatlar fonunda milli mətbuatımızın özündə güc tapıb inkişaf etməsi təqdirəlayiq haldır. İnsanların maariflənməyə həmişə ehtiyacı var, xüsusən qloballaşma dövründə milli mətbuatın ən ümdə vəzifələrindən biri xalqımızın milli-mənəvi, dini-əxlaqi dəyərlərini düzgün şəkildə təbliğ və təşviq etməkdir.
Məlum olduğu kimi, sovet dövründə ateizm rejimi şəraitində panislamizmlə mübarizə gündəmdə olub. Bizim jurnalistlərimiz isə hər zaman İslam dinini yox, onun ətrafında formalaşdırılmış mövhumatı, xurafatı tənqid ediblər. Təqdir olunası haldır ki, hazırda ölkəmizdə İslam dini ilə media arasında konstruktiv qarşılıqlı münasibətlər sistemi formalaşıb.
Lakin daha bir reallıq ondan ibarətdir ki, müasir dünyada sosial şəbəkələr məkrli insanların, destruktiv qüvvələrin, bədxah məqsədlərə qulluq edənlərin ən çox istifadə etdiyi və geniş kütlələrə təsir etməyə, onları düzgün olmayan istiqamətlərə yönləndirməyə cəhd göstərdiyi virtual məkana çevrilib. Hazırda dünyada 3 milyarddan çox insan internetə qoşulur, 2 milyarddan çox istifadəçi fəal şəkildə sosial mediadan istifadə edir. Azərbaycanda əhalinin 75 faizindən çoxu fəal internet istifadəçisi, 2 milyonu isə sosial media iştirakçısıdır. Sosial medianın bir sıra müsbət tərəfləri ilə yanaşı, bəzi mənfi tərəfləri də var. Belə ki, sürətli rabitə vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm psixoloji, həm də mənəvi zərər yetirmək potensialı var və bu, gözümüz önündə baş verir. Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, islamofob, İslamı tənqid etmək mövqeyindən çıxış edən qüvvələr çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə, daha doğrusu, sui-istifadə edirlər. Sosial şəbəkələr ölkələrdə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat məkanıdır. Bu da sosial medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır. Bu sahədə xeyli uğurlu addımlar atılsa da, təəssüf ki, hələ də qarşısı tam olaraq alınmayıb. Radikalizmlə, ekstremizmlə mübarizə mexanizmi mütəmadi olaraq təkmilləşdirilməli, cəmiyyətə sosial media vasitəsilə İslam dininin dəyərlərini çatdırmaq üçün aktivlik göstərilməlidir. Bu baxımdan, zənnimizcə, din xadimləri sosial şəbəkələrdə fəal olmalıdırlar.
İstər yazılı, istər elektron, istər sosial media dinin cəmiyyətə düzgün təqdim olunması işində mütəşəkkil və mütəhərrik şəkildə fəaliyyət göstərməli, özünün təşviqedici, maarifləndirici missiyasını daha operativ, daha səmərəli formada həyata keçirməlidir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.

Din 2019-07-13 12:47:00