×
A
A
A
Sazlamalar

Xaçmazlı fermer buğda sahəsində 70 sentnerədək məhsuldarlığa nail olub VİDEO

Xaçmaz, 13 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda fermer Rövşən Şərifovun buğda sahələrində respublikamız üçün yüksək nəticə sayılan məhsuldarlıq qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçı hər hektardan 70 sentnerədək taxıl əldə edib.
Müasir texnologiyalardan istifadə edən R.Şərifov 10 hektar sahədə buğdanın “Bayraqdar” sortunu yetişdirib. Əkin üçün toxum yerli toxumçuluq təsərrüfatından əldə olunub.
“Xaçmaz rayonunda yerləşən toxumçuluq təsərrüfatının uzunmüddətli təcrübəsi var. Burada vaxtaşırı araşdırmalar aparılır. Biz mütəxəssislərin rəyi əsasında əkin üçün “Bayraqdar” sortunu seçdik. Sahəmizdə bol məhsul yetişib. Metodik hesablamalarımıza görə, zəmidə hər hektara orta hesabla 60-70 sentner məhsul var. Maraqlananda gördük ki, bu ölkəmizdə məhsuldarlığa görə geniş sahədə əldə olunan ən yüksək göstəricilərdəndir. Biçin başa çatandan sonra dəqiq göstəricini açıqlaya biləcəyik”, - deyə təsərrüfatçı bildirib.
Yüksək məhsuldarlıq əldə olunan taxıl sahəsində torpaq əvvəlcədən kamposlaşdırılıb. Həmçinin ozon texnologiyasından istifadə etməklə toxumların keyfiyyətli saxlanılması təmin edilib. Ozonlaşdırılan toxumlar bütün bakteriyalardan təmizlənir və həmin buğda alaq otlarından daha tez cücərir. Toxumun ozonlaşdırılması məhsuldarlığın 15-20 faiz artmasına şərait yaradır.
“Bu təcrübəni əkin sahəmizin yarısında tətbiq etmişik ki, digər sahələr ilə müqayisə edə bilək. Gördüyünüz kimi, müasir texnologiyalardan istfadə etdiyimiz əkin sahəsində yüksək məhsuldarlıq əldə olunub. Taxılçılıq inkişaf etmiş ölkələrin hər birində bu mütərəqqi texnologiyalardan istifadə edilir. Biz də yüksək məhsuldarlıq etmək üçün yeni qaydalara əməl etməliyik. Kənd Təsərrüfatı Nazirliyi də biz fermerlərə hər cür dəstək göstərir, yeni texnikalarla, minerallarla təmin edir. Bütün müraciətlərmizə operativ reaksiya verilir. Əlbətdə qısa müddətdə bu nəticəyə nail olmaq mümkün deyil. Taxıl əkilən sahə kamposlaşdırılaraq münbitləşməli, torpağın bakterioloji mühitinin tənzimlənməsi həyata keçirilməlidir. Müasir texnologiya və metodlardan istifadə etsək ölkəmizdə taxıla olan təlabatı yerli istehsalın hesabına ödəyə bilərik”, - deyə R.Şərifov qeyd edib.
Xaçmazda cari ilin məhsulu üçün ümumilikdə 25 min 9 hektar sahədə taxıl əkilib. Bunun 5 min 786 hektarı arpa, 19 min 223 hektarı isə buğda zəmiləridir.

Regionlar 2019-07-13 12:13:00

Video