×
A
A
A
Sazlamalar

Goranboydakı silahlı insidentlə bağlı cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu yaradılıb

Bakı, 13 iyul, AZƏRTAC
İyulun 12-də gecə saat 23 radələrində Goranboy Rayon Polis Şöbəsinin Goran qəsəbəsi ərazisində xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədilə onlara yaxınlaşıb.
Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranmış və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keşikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.
Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun məsul əməkdaşları Goranboy rayonuna ezam olunublar.
Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə olunması istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Hadisə 2019-07-13 12:05:00