×
A
A
A
Sazlamalar

Muxtar respublikada vergilər üzrə proqnoz 108,7 faiz icra edilib

Naxçıvan, 13 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi göstəricilərin ötən ilin müvafiq dövrü ilə müqayisədə artımında dövlət vergi orqanlarının da mühüm rolu olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda çıxış edən Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, hesabat dövründə Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoza 108,7 faiz icra edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz çoxdur. Ümumilikdə, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 36,8 faizi dövlət, 63,2 faizi isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin eyni dövrünə görə 4 milyon 20 min 300 manat və ya 20,6 faiz artıb ki, bu da sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin nəticəsidir. Belə ki, muxtar respublikanın rayonlarında kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub.
Vurğulanıb ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 6 ayda 20 kommersiya hüquqi şəxs, 2327 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 72,7 faizi muxtar respublikanın rayonlarının payına düşür.
“Proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib. Vergi borclarının alınması sahəsində nəzarətin gücləndirilməsi və aparılmış maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində Vergilər Nazirliyi bu ilin birinci yarısında da vergi borcu olmadan başa vurub”, – deyə nazir diqqətə çatdırıb. Deyib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə toplanan vəsait 144,8 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsinə toplanan vəsait 139,5 faiz icra olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları 4 milyon 277 min manat və ya 12,3 faiz, işsizlikdən sığortahaqqı isə 134 min manat və ya 14,1 faiz çox olub.
Qeyd edilib ki, yarım ildə verilmiş tapşırıqların icrası istiqamətində tələbələrin startap layihələrinin dəyərləndirilməsi məqsədilə Vergilər Nazirliyində ekspert qrupu yaradılaraq hamiliyə götürülmüş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin İqtisad fakültələrinin tələbələri ilə görüş keçirilib.
Sonda çıxışlar olub.

Regionlar 2019-07-13 11:39:00