×
A
A
A
Sazlamalar

BP ilə bərpaolunan enerji üzrə əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı, 13 iyul, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov BP-nin Qlobal Apstrim Regionlar üzrə əsas əməliyyatçısı Uilliam Lin, eləcə də şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazirlik ilə BP arasında bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlər müzakirə edilib.
P.Şahbazov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamında bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsinin ayrıca bir istiqamət kimi vurğulanır. Bu Sərəncamla müəyyən edilmiş hədəflərə nail olunması və bərpaolunan enerji sahəsinin inkişafında BP ilə əməkdaşlıq mühüm rol oynayacaq.
U.Lin də Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlıqdan və bərpaolunan enerji mənbələrindən istifadə üzrə də BP ilə əməkdaşlığa dəyər verilməsindən məmnunluğunu ifadə edib.
Görüşdə BP-nin ölkəmizdə həm günəş, həm də külək enerjisi sahəsində layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib. Bildirilib ki, gələcəkdə BP-nin iştirakı ilə həyata keçiriləcək layihələr Azərbaycanın enerji balansında bərpaolunan enerjinin payının artmasına, eləcə də dayanıqlı inkişafa töhfə verəcək.

Energetika 2019-07-13 10:41:00