×
A
A
A
Sazlamalar

“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov Daniel Dubovla heç-heçə edib

Bakı, 12 iyul, AZƏRTAC
Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində ilk partiyanın oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubovla oyunu heç-heçə başa çatıb. İlk partiyada digər iştirakçılar - Sergey Karyakin (Rusiya), Aniş Giri (Hollandiya), Hikaru Nakamura (ABŞ) Veselin Topalov (Bolqarıstan), Pyotr Svidler (Rusiya) Kriştof Duda (Polşa), Uesli So (ABŞ) Pentala Harikrişna (Hindistan), Aleksandr Qrişuk Nikita Vityuqov (hər ikisi Rusiya) ilə “sülh” bağlayıblar. Maksim Vaşe-Laqrav (Fransa) isə David Navaranı (Çexiya) məğlub edib.
İyulun 13-də cavab oyunları keçiriləcək. Qran-Pri pley-off sistemi üzrə keçirilir. Yarışda göstərilən nəticələrə görə şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.

İdman 2019-07-12 23:32:00