×
A
A
A
Sazlamalar

Avropa Gənclər Olimpiya Festivalında atletlərimizdən böyük nailiyyətlər gözləyirik

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Atletika Federasiyasının yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Nazim İsrafilov atletlərimizin iyulun 21-dən 27-dək keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının hazırlıqlarına dair AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Nazim müəllim, Avropa Gənclər Olimpiya Festivalında neçə atletimiz iştirak edəcək?
- Festivalda ölkəmizi 18 atlet təmsil edəcək. Onlardan 9-u oğlan, 9-u isə qızdır. Biz bu cür mötəbər yarışa belə geniş heyətlə ilk dəfə qatılacağıq. Bu yarış ölkəmizdə keçirildiyi üçün daha çox atletimiz iştirak hüququ qazanıb.
- Atletlərimiz Festivala necə hazırlaşırlar?
- Azərbaycan Atletika Federasiyası idmançıların hazırlığına daim xüsusi diqqət yetirir. Sevindirici haldır ki, idmançılarımız öz üzərilərində yorulmadan çalışırlar. Bunun sayəsində yığma komandamız ildən-ilə güclənir və inkişaf edir. Beynəlxalq turnirlərdə atletlərimizin nəticələri əvvəlki illərə nisbətən yaxşılaşıb və bu istiqamətdə daim irəliləyiş müşahidə olunur. Gənc idmançılarımızın da sürətli inkişafı və artan nailiyyətləri göz qabağındadır. Festivalda iştirak edəcək komandamızın ən güclü altı üzvü iyulun 13-də Serbiyanın Kralyevo şəhərində start götürəcək yeniyetmələr arasında Balkan çempionatına qatılacaq. Bu yarışda idmançılarımızdan böyük nailiyyətlər gözləyirik. Digər atletlərimiz isə yarışlara Tofiq Bəhramov adına Respublika Stadionunda hazırlaşırlar.
- Avropa Gənclər Olimpiya Festivalında hansı atletlərimizdən yaxşı nəticə gözlənilir?
- Milli komandamızda potensiallı bir çox idmançı var. Bunlardan Sabrina Zralova, Fəxriyyə Tağızadə, Lamiyə Vəliyeva, Yusif Nəzərov, Teymur Salahzadə və Çingiz İsrafilovu qeyd edə bilərəm. Həmin idmançılarımız daim yaxşı nəticələr göstərməyə qadirdirlər. Sabrina Zralova bir neçə gün bundan əvvəl Qazaxıstanda keçirilən beynəlxalq turnirdə üç təkanla tullanma növündə bürünc medal qazanıb.
- Bundan əvvəlki festivallarda azərbaycanlı atletlər hansı uğurlar qazanıblar?
- Bundan əvvəl keçirilən Avropa Gənclər Olimpiya Festivalında atletlərimizdən altısının nailiyyətləri olub. Atletlərimizdən ilk dəfə Elvira Cabbarova 1995-ci ildə İngiltərədə keçirilən festivalda 100 metr məsafəyə qaçış yarışında gümüş medal qazanıb. 2005-ci ildə İtaliyanın Liqnano şəhərində keçirilən festivalda Pavel Setin 400 metr məsafəyə qaçış, Ruslan Panasenko isə üç təkanla tullanmada bürünc medala sahib olublar. Həmçinin 2007-ci ildə Serbiyada keçirilən festivalda Ramil Quliyev 200 metr məsafəyə qaçış, Ənvər Zeynalzadə üç təkanla tullanma yarışlarında qızıl medal qazanıblar. 2013-cü ildə Hollandiyada keçirilən festivalda isə Nazim Babayev üç təkanla tullanma yarışının qalibi olub.
Ümumiyyətlə, demək istəyirəm ki, atletlərimizin potensialı, eləcə də əvvəlki illərdə qazanılan təcrübələr idmançılarımızın XV Avropa Gənclər Yay Olimpiya Festivalında da uğur əldə edəcəklərini deməyə əsas verir.

İdman 2019-07-12 21:31:00