×
A
A
A
Sazlamalar

Müasir İncəsənət Muzeyində üç tanınmış rəssamın sərgisi açılacaq

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 14-də Müasir İncəsənət Muzeyində bir–birindən tamamilə fərqlənən, lakin ruhən yaxın olan üç rəssam - Aida Mahmudova, Fərid Rəsulov və Niyaz Nəcəfovu birləşdirən “ЖИВОПИСЬ” adlı sərgi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihənin hər bir iştirakçısı tanınan üslubu, surətlərin özünəməxsus unikal quruluşu və Abşeron rəngkarlıq məktəbi ənənələrinə əsaslanmasına baxmayaraq, təkrarolunmaz vizual dili ilə fərqlənir. Müəlliflərin emosional təcrübə müxtəlifliyi ilə sərgi ümumilikdə incəsənətə aktual baxışı təqdim edir və onun ifadə imkanlarını yeni tərzdə üzə çıxarır. Belə aktuallaşdırma cəhdi multimedia texnologiyalarının artan rolu və onların muzey sahələrində fəal tətbiqi fonunda xüsusilə maraqlıdır. Emosional dərinlik, inanılmaz xarici cazibə ilə özünü müşahidəyə meyillilik Aida Mahmudovanın mürəkkəb və çoxşaxəli əsərlərini fərqli edir. Rəssam özünün təhlil prosesini yaradıcı fəaliyyətə çevirir. Bu fəaliyyət müddətində öz ağrı nöqtələrinizə toxunmağa, unudulmuş lakin şüuraltı var olan situasiyaları yaşamağa nail olacaqsınız. Fərid Rəsulovun rəngkarlığı hiperrealizmə xitab edir amma ani olaraq, holland rəngkarlarının həyat, sevinc dolu əsərləri ilə əlaqəlilik hissi yaradır. Niyaz Nəcəfovun ifadəli, iddialı rəngkarlığı bir çox məqamlarda müəllifin həyat fəlsəfəsini əks etdirərək, öldürücü gülüşün elementləri ilə istehza və sarkazmın hüdudlarında qərarlaşır. Bütün hisslər gərgin, xüsusiyyətlər qabarıq və aydın təzahür edir. Dəhşətli olan tükürpərdici, gözəl olan isə valehedici olur. Əsərləri birləşdirən ümumi cəhət - yalnız yeni mənaların axtarışları və rəssamları maraqlandıran mövzuların əks etdirilməsi deyil, həmçinin təsvir obyektinə olan heyranlıq və bu hissin tamaşaçıya ötürülməsidir.
Sərgi avqustun 13-dək ziyarətçilər üçün açıq qalacaq.

İncəsənət 2019-07-12 21:16:00