Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Diasporla İş üzrə Dövlət Komitəsində böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin komitədəki büstü önünə güllər düzüblər.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Ümummilli Liderin ölkəmizin və xalqımızın həyatındakı əvəzedilməz rolundan bəhs edib. O, Ulu Öndərin hələ sovet dövründə Azərbaycan dili, iqtisadiyyatı, təhsili ilə bağlı ölkəmiz üçün bir sıra tarixi qərarlar qəbul etdiyini vurğulayıb. Komitə sədri qeyd edib ki, müstəqilliyin ilk illərində işləyib hazırladığı Azərbaycan dövlətçiliyinin milli və bəşəri dəyərlərə əsaslanan uzunmüddətli konsepsiyası sayəsində Azərbaycan dövləti müstəqil, qüdrətli və müasir dövlət kimi dünyada öz yerini tutub: “Diaspor siyasəti də həmin dövlətçilik siyasətinin çox mühüm hissəsini təşkil edirdi. Ümummilli Lider bu sahədə ardıcıl tədbirlər gördü. Bu gün Ümummilli Liderin əsasını qoyduğu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə, o cümlədən diaspor sahəsində də uğurla davam etdirilir”.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov vurğulayıb ki, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycan bu gün Heydər Əliyevin düşündüyü kimi, dünyada müstəqil, qüdrətli dövlət kimi öz sözünü deyərək yaşayır və dinamik inkişaf edir.
Ümummilli Liderin ölkəmizdə qanunvericilik sahəsində gördüyü işlərdən danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-siyasi fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazıb. Təqdirəlayiq haldır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya son illərdə onun layiqli davamçısı və varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti barədə sənədli film nümayiş olunub.

Daxili siyasət 2019-07-12 20:20:00