×
A
A
A
Sazlamalar

Cənub bölgəsində ilk dəfə əkilən tritikale buğda sortu yüksək məhsuldarlıq verir VİDEO

Lənkəran, 12 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Kənd təsərrüfatında yenilikləri ilə həmişə diqqəti cəlb edən “Yaşıl çay” fermer təsərrüfatı bu dəfə də ilkə imza atıb. Cənub bölgəsində ilk dəfə tritikale buğda sortu əkilən təsərrüfatda biçin yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, ötən ildə təsərrüfatında sınaq məqsədilə 1 hektarda tritikale əkən fermer Araz Yağubov bu il 16 hektar, növbəti illərdə isə 50 hektar yeni buğda sortu becərmək niyyətdindədir.
Çoxprofilli “Yaşıl çay” fermer təsərrüfatında çayçılıqla yanaşı, ölkəmizin ərzaq təhlükəsizliyində mühüm rol oynayan heyvandarlığın inkişafına da ciddi diqqət yetirilir. İribuynuzlu heyvanların yemlə təmin olunması üçün təsərrüfat ənənəvi yemlərlə yanaşı, daha səmərəli qüvvəli yem növlərinin tədarükünə də önəm verir. Keçən il cənub bölgəsində ilk dəfə olaraq “Yaşıl çay” fermer təsərrüfatında sınaq məqsədilə 1 hektarda tritikale əkilib, çox yaxşı nəticə əldə edən təsərrüfat sahibi sahədən 4,6 tonadək məhsul götürüb.
“Yaşıl çay” fermer təsərrüfatının əməkdaşı Sərraf Talıbov deyib: “Bu il isə 16 hektarda əkin həyata keçirdik, artıq biçin yekunlaşmaq üzrədir. Yaxşı məhsul gözlənilir. Təxminən 6 tonadək. Gələcək planlarımız genişdir. Tritikale buğda və çovdar taxıl növlərinin hibridindən yetişdirilmiş, hazırlanmış, alınmış bir taxıl növüdür. Çox keyfiyyətli və məhsuldar sortdur. Xüsusən heyvandarlıqda böyük səmərə verir”.
Tritikale özündə buğdaya və çovdara xas olan müsbət irsi əlamətləri birləşdirib. Buğdadan sünbülün çiçəkliyini, dənin keyfiyyətini və iriliyini; çovdardan isə şaxtaya davamlılığı, güclü kollanmağı, sünbülün uzunluğunu, sürətli inkişafı, göbələk xəstəliklərinə davamlı olmaq kimi müsbət əlamətləri özündə cəmləyib. Tritikalenin dənində 15-18 faiz zülal olur. Buğdaya nisbətən zülal 1,-1,5 faiz, çovdara nisbətən isə 3-4 faiz çox olur. Tritikalenin itkisiz və vaxtında biçilməsi üçün təsərrüfat sahibinə “Aqrolizinq” ASC tərəfindən lizinqlə müasir kombayn verilib”.
“Aqrolizinq” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Aytəkin Məmmədova bildirib ki, hazırda bu sahədə “Nova Rastormeşka” kombaynı işləyir və o, ən müasir modeldir. Demək olar ki, respublika üzrə taxıl sahələrinin 85 faizdən çoxunda biçin aparılıb. Sadəcə Lerik, Lənkəran və Yardımlı rayonlarının müəyyən dağlıq hissələrində biçin aparılmayıb. Şəmkir rayonunun dağlıq sahələrində və Gədəbəy rayonunda hələ ki, məhsul tam yetişməyib.
Təsərrüfatın rəhbəri A.Yağubov deyib ki, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər bölgə təcrübə stansiyasından alınan elit tritikale sortu yüksək məhsuldarlığı ilə diqqətimizi cəlb edib. Belə ki, ötən il hər hektardan 45 sentner məhsul götürülüb. Qərara aldıq ki, keyfiyyətcə arpadan geri qalmayan, məhsuldarlığına görə isə onu qat-qat üstələyən tritikale əkin sahələrini bu il daha da artıraq.
“Yaşıl çay” fermer təsərrüfatının əməkdaşı Sərraf Talıbov bildirib: “2020-ci ildə təxminən 50 hektarda tritikale əkinini həyata keçirmək niyyətindəyik. Bundan əlavə, bizim Neftçala rayonunda da icarə torpaqlarımız var. Həmin torpaqlarda da 300 hektaradək sahədə bu taxıl növündən əkməyi nəzərdə tutmuşuq”.
Hazırda AMEA-nın Genetika Ehtiyatları İnstitutunun elmi işçisi Xanbala Rüstəmovun rəhbərliyi altında tritikalenin rayonlaşdırılması üzrə işlər davam etdirilir. Bu yeni sort digər taxıl əkən fermerlərin də marağındadır.
“Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyinin əməkdaşı Rahim Rzayev bildirib ki, cari ilin məhsulu üçün Lənkəranda 727 hektar sahədə taxıl əkilib. Bunun 644 hektarı buğda, 83 hektarı isə arpadır. Gördüyünüz kimi Lənkəran rayonunun İstisu qəsəbəsində sonuncu taxıl sahəsi biçilir. Hazırda biçin davam edir. Məhsuldarlıq ötən illərə nisbətən yüksəkdir: “Fermerlərin rəyi bizim üçün əsasdır və omların biçinlə bağlı fikirləri müsbətdir. Mən tövsiyə edərdim ki, fermerlər bu toxumdan bəhrələnsinlər, növbəti illərdə daha da çox əksinlər”.
Alimlərin tədqiqatlarına görə, tritikale həqiqətən məhsuldar, xəstəliyə davamlı, daha az sahədə bol məhsul verən taxıl növüdür. Heyvandarlıqla məşğul olan aztorpaqlı təsərrüfatçıların tritikale əkininə üstünlük verməsi daha məqsədəuyğundur.

Regionlar 2019-07-12 18:59:00

Video