×
A
A
A
Sazlamalar

Azərbaycan ombudsmanı Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkil 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində kompleks tədbirlər həyata keçirdiyini, həmin öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradıldığını qeyd edib. Bildirib ki, ötən müddət ərzində bu qurum özünü səmərəli hüquq müdafiə mexanizmi kimi təsdiq edib, Avropa Şurası ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub və insan hüquqları sahəsində birgə layihələr həyata keçirilir.
Görüşdə qonağa bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması sahəsində ombudsmanın həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilib.
Müvəkkil habelə qanunvericiliyin təkmilləşdirilməsinə dair Milli Məclisə, habelə dövlət qurumlarına təkliflər verildiyini, həmçinin Konstitusiya Məhkəməsinə çoxsaylı sorğular ünvanladığını, nəticədə Plenum tərəfindən müvafiq qərar və qərardadların qəbul edildiyini söyləyib. Vurğulanıb ki, fəaliyyəti dövründə müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dək təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilib, onların böyük əksəriyyəti artıq təmin olunub. E.Süleymanova qonağa qaçqın və məcburi köçkünlərin, həmçinin girov və əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.
Ermənistanın Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinin hələ ilk vaxtlardan diqqətdə saxlanıldığı vurğulanıb. Ombudsman məcburi köçkünlərin, o cümlədən gənclərin öz torpaqlarına qayıtmaq arzusunun onların genetik yaddaşı ilə bilavasitə bağlı olduğunu bildirib.
Sonda qonağı maraqlandıran suallar cavablandırılıb.

Cəmiyyət 2019-07-12 18:56:00