×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Aydın Qurbanovun vəfatı ilə bağlı ictimaiyyət vaxtında məlumatlandırılıb

Bakı, 12 iyul, AZƏRTAC 

Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq, iyulun 9-da saat 21:50-də vəfat edib. Bu barədə Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Qurbanovun cəsədi ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iyulun 10-da saat 00:20-də Məhkəmə - tibbi ekspertiza və patoloji anatomiya birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. Bundan sonra həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub.
Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olub və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib.

Hadisə 2019-07-12 16:58:00