×
A
A
A
Sazlamalar

Muxtar respublikada altı ayda 60 milyon manatlıqdan çox tikinti-quraşdırma işləri görülüb

Naxçıvan, 12 iyul, AZƏRTAC

2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 64 milyon 357 min manatlıq inşaat işləri yerinə yetirilib. Bunun 60 milyon 751 min manatını və ya 94,4 faizini tikinti-quraşdırma işləri təşkil edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.
İclasda komitənin sədri Hicran Rüstəmov çıxışında qeyd edib ki, təhsil sahəsində həyata keçirilmiş quruculuq tədbirlərinə uyğun olaraq cari ilin ilk yarısında Şərur rayonunun Kərimbəyli kəndində 270, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün tədris binasının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi, 1148 şagird yerlik 5 nömrəli tam orta məktəb, Şərur, Babək və Şahbuz rayonlarının bəzi kəndlərində tam orta məktəb binalarının və Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbinin, Şərur rayonunun Muğanlı və Muğancıq Mehrab kəndlərində, Ordubad rayonunun Vənənd kəndində tam orta məktəb binalarının tikintisi və yenidən qurulması işləri davam etdirilir. Bundan əlavə, hesabat dövründə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində 2 nömrəli körpələr evi-uşaq bağçası üçün müasir bina tikilərək istifadəyə verilib, Şərur rayonunun Mərkəzi Xəstəxanasının əsaslı təmiri və rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Kərimbəyli və Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi başa çatdırılıb.
Mədəniyyət sahəsində görülmüş işlərə toxunan komitə sədri diqqətə çatdırıb ki, cari ilin birinci yarısında Şahbuz Rayon Mədəniyyət Sarayının tikintisi başa çatdırılaraq istifadəyə verilib, Naxçıvan şəhərində və Ordubad rayonunun Dırnıs kəndində məscidin, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyinin, Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulması, Kəngərli rayonunun Şahtaxtı kəndində hamam binasının bərpası davam etdirilir.
Bildirilib ki, ilin ötən dövründə Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində kənd mərkəzləri istifadəyə verilib, Şərur rayonunun Qışlaqabbas və Xələc kəndlərində kənd mərkəzlərinin yenidən qurulması, Alışar, Yeni Havuş, Muğancıq Mehrab, Muğanlı, Məmmədsabir, Babək rayonunun Kültəpə, Gülşənabad, Ordubad rayonunun Vənənd, Şahbuz rayonunun Türkeş kəndlərində isə kənd mərkəzlərinin tikintisi davam etdirilir. Bəhs edilən dövrdə Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində müasir xidmət mərkəzləri istifadəyə verilib. Şərur, Şahbuz rayonlarının bir sıra kəndlərində isə xidmət mərkəzlərinin tikintisi gedir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikanın hərbi və hüquq-mühafizə orqanlarını, yol-nəqliyyat və enerji təsərrüfatlarını əhatə edən quruculuq tədbirlərindən də danışıb, işdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Regionlar 2019-07-12 17:05:00