×
A
A
A
Sazlamalar

Futbolçu Hacinin oğlu “Genk” komandasında oynayacaq

Bakı, 12 iyul, AZƏRTAC
“Qazeta.ru” portalının HLN nəşrinə istinadla verdiyi məlumata görə, rumıniyalı məşhur futbolçu George Hacinin oğlu Yanis Haci yaxın vaxtlarda Belçikanın “Genk” komandasında oynamağa başlayacaq.
Bildirilir ki, 20 yaşlı yarımmüdafiəçi ilə “Genk” komandasının kontraktı üç il müddətinə nəzərdə tutulub. Mənbə xəbər verir ki, Hacinin məvacibi 800 min avro olacaq.
Daha əvvəl yayılmış məlumata görə, rumıniyalı futbolçu Moskvanın “Spartak” komandasına keçməyə hazırlaşırdı. Rusiya klubu onun müqabilində 12 milyon avro ödəməyə hazır idi. Oyunçunun bir mövsüm üçün məvacibi 2 milyon avro olmalı idi.
AZƏRTAC xəbər verir ki, öz atasının futbol akademiyasının yetirməsi olan Yanis Haci 2014-2016-cı illərdə “Viitorul” komandasında oynayandan sonra İtaliyanın “Fiorentina” komandası bu yarımmüdafiəçini alıb. Lakin rumın futbolçu italyan klubunun heyətində cəmi iki matç keçirib və 2018-ci ildə yenidən “Viitorul” klubuna qayıdıb. Bu komandanın heyətində oynadığı 92 matç ərzində 24 qol vurmuş və 14 səmərəli ötürmə etmiş Yanis Haci 2019-cu ildə Rumıniya Kubokunun qalibi olub.
Rumıniya yığmasının heyətində beş matç keçirmiş Yanis Haci bu il iyun ayında Avropa çempionatında gənclərdən ibarət milli komandanın heyətində çıxış edib. Həmin turnirdə rumınlar yarımfinalına çıxıb, bu mərhələdə isə almanlara 2:4 hesabı ilə uduzublar.

İdman 2019-07-12 16:03:00