×
A
A
A
Sazlamalar

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın roluna dair seminar keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Beynəlxalq Mətbuat Mərkəzində KİV nümayəndələrinin iştirakı ilə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu" mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Tətbiqi Tədqiqatlar Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin fəsadlarının işıqlandırılması və onların qarşısının alınması yolunda Azərbaycanın mövqeyinin təbliği” layihəsi çərçivəsində təşkil edilib.
Seminarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı milli mətbuatın qarşısında duran vacib problemlər müzakirə edilib.
Tədbirdə çıxış edən Tətbiqi Tədqiqatlar Fondunun rəhbəri İbrahim Əliyev deyib ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddət dünya ictimaiyyətinə yanlış informasiya verilib. Azərbaycana qarşı ədalətsizlik, ikili standartlar nümayiş etdirilib, dünya güclərinin bu münaqişədə güddüyü məqsədlər pərdələnib. Münaqişə başlanan gündən Azərbaycan öz haqqını, ədalətli mövqeyini müxtəlif istiqamətlərdə sübut etmək məcburiyyətində qalıb. Bunlardan biri də informasiya cəbhəsi olub. O zaman Azərbaycan informasiya blokadasına salınıb, müxtəlif böhtanların, fitnələrin qurbanına çevrilib. Bu, həm də ona görə baş verirdi ki, bu münaqişəni planlaşdıran və həyata keçirən qüvvələr uzun müddət buna hazırlaşıb, onu incə detallarınadək işləyib planlaşdırıblar. Belə bir təxribat qarşısında qalan Azərbaycan cəmiyyəti həmin hadisələrə hazır deyildi. Buna görə də ilk vaxtlar bu təcavüzə, iftiralara cavab vermək, özünün haqlı olduğunu sübut etmək çox çətin idi.
Seminarda “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimov və başqaları çıxış edərək informasiya müharibəsi şəraitində milli mətbuatın qarşısında duran başlıca vəzifələr, onun problemləri və uğurları barədə danışıb, gələcək fəaliyyət istiqamətlərini diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycanın mövqeyinin fasiləsiz olaraq dünya ictimaiyyətinə çatdırılması bu müharibədə ölkəmizin can atdığı uğurun vacib şərtlərindən biridir. Buna görə də həmin fəaliyyətin dərinləşdirilməsinə, daha intensiv şəkildə aparılmasına ehtiyac var. Bu sahədə mətbuatın vəzifələri aktualdır və daim təkmilləşdirilməlidir. Keçirilən seminarda belə məsələlərin müzakirəsi, bu sahədə yeni imkanların araşdırılması Azərbaycanın informasiya sahəsində ehtiyaclarının təmin edilməsinə öz töhfəsini verir.
Çıxışlar ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Cəmiyyət 2019-07-12 15:25:00