×
A
A
A
Sazlamalar

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam edir

Bakı, 12 iyul, AZƏRTAC

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər davam edir.
AZƏRTAC xəbər verir ki, “Çar Rusiyasının Qafqazda İslam siyasəti” mövzusunda panel Gürcüstan İliya Dövlət Universitetinin müəllimi, G.Sereteli adına Şərqşünaslıq İnstitutunun direktoru, professor George Sanikidze və Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Əzizovanın moderatorluğu ilə keçirilib.
Paneldə “XX əsrin əvvəllərində müsəlman cəmiyyəti və onun Qafqazda və Avropa Rusiyasındakı islahatlar planı”, “Rus çarizminin Azərbaycanda müsəlman ruhaniliyinin təşkili istiqamətində strateji planları”, “Şimali Azərbaycanda Çar Rusiyasının din siyasətinin sosial-psixoloji aspektləri”, “Çar Rusiyasının Azərbaycan türklərinin assimilyasiyasına yönələn anti-İslam siyasəti”, “1801-1917-ci illərdə çarizmin Cənubi Qafqazda İslam siyasəti (arxiv materialları əsasında)”, “XIX-XX əsrin əvvəllərində Azərbaycanda İslam dininin vəziyyəti haqqında” mövzularında məruzələr dinlənilib.
“Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzusunda ikinci paneldə Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov və İstanbul Sabahattin Zaim Universitetinin Tarix fakültəsinin müəllimi, professor Muhammed Harb moderatorluq ediblər.
Məruzəçilər “Həsən Məlik Zərdabinin İslam haqqında görüşləri”, “Hikmətli mütəaliyə fəlsəfi cərəyanının azərbaycanlı nümayəndələri”, “İslam sivilizasiyasının inkişafında Azərbaycanın rolu”, “Orta əsrlər müsəlman Şərqində hürufilik təliminin ideya-siyasi və fəlsəfi aspektlərinə yeni baxış”, “Əbdürrəşid İbrahim və Azərbaycan mətbuatı (1903 – 1905)”, “Məhəmməd Əmin Sədrəddin Şirvani və əxlaq fəlsəfəsi”, “Azərbaycan maarifçilik hərəkatında maarifçi qadınlar”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu”, “Azərbaycan İslam fəlsəfəsinin bir bölgəsi kimi” mövzularında çıxışlar ediblər.
Xatırladaq ki, II Beynəlxalq Simpoziumda 11 paneldə 100-dən çox məruzəçi çıxış edib.
Tədbirin məqalələrinin xülasələri “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (Tezislər)” başlığı altında kitab şəklində Azərbaycan, ingilis və rus dillərində nəşr olunub.

Elm və təhsil 2019-07-12 15:09:00