×
A
A
A
Sazlamalar

Sumqayıtda 22 nömrəli yanğından mühafizə hissəsinin yeni inzibati binası istifadəyə verilib

Sumqayıt, 12 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli yanğından mühafizə hissəsinin yeni inzibati binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəhbərliyi və hissənin şəxsi heyəti iştirak ediblər.
Nazir müavini yüksək standartlara cavab verən, müasir texnika və avadanlıqla təchiz edilən binada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət guşəyə baxıb, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. O, şəxsi heyəti yeni bölmənin açılışı münasibətilə təbrik edərək uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
E.Mirzəyev qeyd edib ki, yeni hissənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, yanğınsöndürmə və xilasetmə tədbirlərinin operativ həyata keçirilməsi işini asanlaşdıracaq.
Yanğından mühafizə hissəsinin yeni binasının istifadəyə verilməsi Sumqayıt şəhərinin Azərbaycan prospektindən Şimal hissəsi boyunca Kimyaçılar qəsəbəsinədək ərazini və Sumqayıt bulvarındakı inzibati və digər obyektlərin yanğından mühafizəsini yüksək səviyyədə təmin etməyə imkan verəcək.
Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli yanğından mühafizə hissəsi ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunub.

Regionlar 2019-07-12 14:50:00