Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Huawei” kompaniyasının top-meneceri ABŞ-ı qara siyahını ləğv etməyə çağırıb

Bakı, 12 iyul, AZƏRTAC

ABŞ hakimiyyəti nəinki Çinin “Huawei” telekommunikasiya korporasiyasını qara siyahıdan çıxarmalı, həmçinin siyahı tamamilə ləğv olunmalıdır.
AZƏRTAC Tensyun Sinven portalına istinadla xəbər verir ki, “Huawei” kompaniyasının top-meneceri Lyan Hua mətbuat konfransında öz fikrini bu şəkildə ifadə edib.
“ABŞ bizi qara siyahıya salıb. Biz bu qərara qarşıyıq, çünki bunun üçün heç bir fakt və əsas yoxdur. Bu qərar tərəflərdən heç birinin, o cümlədən bir çox Amerika müəssisələrinin maraqlarına cavab vermir”, - deyə Lyan Hua bildirib.
“Biz bütün dünyada 3 milyarddan çox insana xidmət göstəririk, buna görə də həmin qərar nə ədalətə, nə də vəziyyətə uyğun deyil. Nəinki bu qərarı, həm də qara siyahını tamamilə ləğv etmək lazımdır”, - deyə top-menecer əlavə edib.
Lyan Huan carı ilin birinci yarısında “Huawei” kompaniyasının maliyyə göstəricilərinin artdığını, biznes əməliyyatlarının isə normal axarda davam etdiyini deyib.
Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Birləşmiş Ştatların Ticarət Nazirliyi isə mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.
Osaka şəhərində keçirilən G20 sammitində ÇXR sədri Si Cinpinlə görüşən ABŞ prezidenti Amerika məhsullarının alması üçün “Huawei” kompaniyasına icazə verəcəyini deyib. Donald Tramp Çin lideri ilə danışıqlarda mili təhlükəsizliyin təmin olunması probleminin müzakirə edildiyini və yaxın günlərdə kompaniyanın qara siyahıdan çıxarılması məsələsinə baxılacağını bildirib. Sonradan Ağ ev sanksiyaların aradan qaldırılması qərarının Amerika firmalarının bütün məhsullarına aid olmadığını vurğulayıb.
2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis qazancı isə 8 milyard dolları ötüb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

Dünya 2019-07-12 14:54:00