×
A
A
A
Sazlamalar

Xaçmazda fındıq bağlarının sahəsi iki dəfəyədək artırılıb VİDEO

Xaçmaz, 12 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda fındıq bağlarının sahəsi iki dəfəyədək artırılıb, bu il məhsuldarlığın çox olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, xaçmazlı təsərrüfatçılar fındıq bağlarında məhsul yığımına iyulun 20-dən sonra başlayacaqlar.
Fermerlər dövlətin onlara ayırdığı güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Məhsulun bol olması isə bağ sahiblərinin daha çox gəlir əldə etməsinə imkan yaradır.
Rayonda son 3 ildə fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 10 min hektara çatdırılıb.
Rayonun Çiləgir kəndindən olan fermer Naib Seyfullayevin sözlərinə görə, son illər fındıqçılığa maraq xeyli artıb. Təsərrüfatçılar əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdısa, indi daha çox fındıq bağlarına üstünlük verirlər. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir.
Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.
Məhsulun bol olması təsərrüfatçıların bu il daha çox gəlir əldə edəcəyini deməyə əsas verir. Ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə sövq edir. Fındığın satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir. Ötən il təsərrüfatçılar fındığın bir kiloqramını 3,5-4 manata satıblar.
Təsərrüfatçılar bildirirlər ki, fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Məsələn şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən çox dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur. Onların sözlərinə görə, tam formalaşmış hər bir fındıq ağacından 7-8 kiloqram məhsul yığılır.
Fermerlər deyir ki, məhsulun ikiqat artmasında təbii amillərlə yanaşı, bağlara düzgün aqrotexniki qulluq göstərilməsinin də böyük rolu var.
Rayonda fındıq yığımı avqustun sonunadək davam edir. Ümumilikdə şimal bölgəsinin rayonlarında son 3 ildə 10 min hektardan çox yeni fındıq bağı salınıb. Fındıq istehsalı bu rayonların iqtisadiyyatında mühüm rol oynayır. Hazırda Xaçmaz, Quba, Qusar və Şabranda 20 min hektaradək fındıq bağı var.

Regionlar 2019-07-12 14:22:00

Video