Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başlayır

 Bakı Ali Neft Məktəbi ilə Texas A&M Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 12 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) ABŞ-ın aparıcı təhsil müəssisələrindən olan Texas A&M Universitetinin (TAMİU) tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn, Laredo Kollecinin prezidenti Ricardo Solis, kollecin nümayəndəsi Silviya de Zeon ilə görüş keçirilib.
Görüşün məqsədi iki təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və birgə proqramların həyata keçirilməsi olub.
Qonaqlar ilk olaraq BANM-in kampusu ilə tanış olublar. Onlara ali məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı laboratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.
Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elmar Qasımov BANM-in əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında danışıb. Rektor Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksəkixtisaslı kadrlar hazırlanmasında ali məktəbin rolunu qeyd edib.
“Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələr öz bilik və bacarıqları ilə fərqlənir. 2011-ci ildən etibarən ən yüksək bal toplayan tələbələr Bakı Ali Neft Məktəbini seçirlər. Digər tərəfdən BANM dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələrilə sıx əməkdaşlıq edir. Bu gün BANM-in neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarının məzunlarına Bakı Ali Neft Məktəbi ilə yanaşı, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin də diplomları verilir. Bu təcrübəni nəzərə alaraq tələbələrin Texas A&M Universitetində magistr təhsili alması, birgə elmi tədqiqatlar aparılması, müəllimlərin distant və fiziki yolla tədris prosesinə cəlb edilməsi istiqamətlərində əməkdaşlığı məqsədəuyğun hesab edirik”, - deyə Elmar Qasımov bildirib.
Texas A&M Universitetinin prorektor müavini Con Kilburn birgə tədqiqatlar aparılmasına və tələbə mübadiləsinə maraqlı olduqlarını qeyd edib. O, əldə olunan razılaşmadan sonra əməkdaşlıq əlaqələrini intensivləşdirməyin mümkünlüyünü söyləyib.
Sonda Bakı Ali Neft Məktəbi ilə Texas A&M Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Məlumat üçün bildirək ki, TAMİU 7500-dən çox tələbəyə incəsənət, elm, biznes administrasiyası, tibb kimi müxtəlif ixtisaslarda bakalavriat, magistratura və doktorantura dərəcəsi üzrə təhsil təqdim edir. Universitet bakalavriat səviyyəsində sistem mühəndisliyi ixtisası üzrə də tədris həyata keçirir. TAMİU Qərbi Hemisfer Ticarəti Araşdırma Mərkəzi, Qərbi Hemisfer Ticarəti İnformasiya Mərkəzi, Yer və Ətraf Mühit Elmləri Mərkəzi, Kiçik Biznes İnkişafı Mərkəzi və digər tədqiqat mərkəzlərinə ev sahibliyi edir.

Elm və təhsil 2019-07-12 12:26:00