×
A
A
A
Sazlamalar

Bakı Şəhər Baş Polis İdarəsi: Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə “Caspian Tech” QSC arasında yaranan mübahisə araşdırılır

Bakı, 12 iyul, AZƏRTAC

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin “Topaz” əmtəə nişanı adı altında fəaliyyət göstərmiş mərc oyunları məntəqəsinə lisenziya verilməsi tələbi ilə bağlı “Caspian Tech” QSC arasında yaranan mübahisə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsində araşdırılır.
BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, “Caspian Tech” QSC rəhbərliyinin adından daxil olmuş müraciətdə Elşən Yusifov və qeyrilərinin Cəmiyyətin “Topaz” əmtəə nişanı adı altında qanunsuz mərc oyunları təşkil etdikləri bildirilib.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Sevil Ələkbərova və Elşən Yusifov 2018-ci il oktyabrın 30-da Xətai rayonunda K.Mehmandarov küçəsində və cari il mayın 25-də Nizami rayonunda Q.Qarayev və R.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “Topaz” məntəqələrində mərc oyunlarının təşkili qaydalarını pozduqlarına görə onların lisenziyaları ləğv edilib.
“Caspian Tech” QSC-nin ləğvetmə qərarına etiraz olaraq, ötən il noyabrın 1-2-də və bu il mayın 30-da özünü Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavini kimi təqdim edən Məcid Məmmədov təxminən 18 nəfər əlil şəxslə birlikdə QSC-nin yerləşdiyi inzibati binaya gəlib burada səs-küy salaraq, Cəmiyyətin iş rejimini pozub, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etməklə işçiləri nalayiq ifadələrlə təhqir ediblər. Onlar E.Yusifovun və S.Ələkbərovanın lisenziyalarının bərpa olunmasını və ya əlillər cəmiyyətinin adına lisenziya verilməsini tələb edib, əks təqdirdə özlərinə xəsarət yetirəcəklərini bildiriblər.
Baş İdarədə material üzrə müraciətin bütün hallarının obyektiv və hərtərəfli aparılması üçün tərəflər arasında yaranan mübahisənin xüsusatlarının öyrənilməsi üçün müvafiq sorğular verilib, araşdırmalar davam etdirilir.

Hadisə 2019-07-12 12:23:00