×
A
A
A
Sazlamalar

“Araz-Naxçıvan” futbol komandasına Region Liqasının bürünc medalları təqdim olunub

Naxçıvan, 12 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında cari mövsümdə Azərbaycan Region Liqasında bürünc medal qazanan “Araz-Naxçıvan” futbol komandasının mükafatlandırma mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov bu gün muxtar respublikada idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, muxtar respublikanın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturunun yaradılması yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə marağını gündən-günə artırır. Məlum olduğu kimi, Futbol Federasiyasının strukturunda dəyişiklik edilib, Ali Məclisin Sədri tərəfindən muxtar respublikada futbolun kütləvi hal alması üçün bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən federasiya mütəmadi olaraq məşqçilərin yığıncaq və seminarlarını təşkil edir. Qarşıdakı mövsümdən etibarən isə uşaq futbol liqalarının yarışlarına start veriləcək.
“Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının qarşılıqlı fəaliyyəti nəticəsində muxtar respublikada bir sıra beynəlxalq və ölkə miqyaslı yarışların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı şəhərində keçirilən Azərbaycan Region Liqasında muxtar respublikanı “Araz-Naxçıvan” komandası təmsil edib və böyük uğura imza ataraq liqanın bürünc medalını qazanıb”, – deyən Məcid Seyidov qeyd edib ki, növbəti mövsümlərdə əsas hədəf qalib olmaqdır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Məşqçilər Komitəsinin üzvü, veteran futbolçu Yaşar Vahabzadə çıxışında vurğulayıb ki, bu gün ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da idman sahəsində qazanılan uğurlar qürurvericidir. Bu qədim diyarın tarixi futbol ənənələri var və bu ənənə yaşadılır. Naxçıvanlı futbolçular uzun illər keçmiş SSRİ yığmalarının heyətində mübarizə aparıblar. Həmçinin “Araz-Naxçıvan” komandası müstəqillik illərində ölkə çempionatında çıxış edib, futbol üzrə Birinci Divizionun qalibi olub. Naxçıvan hər zaman Azərbaycan futbolu üçün istedadlı idmançılar yetişdirib.
Yaşar Vahabzadə gələcəkdə naxçıvanlı futbolçuların müəyyən yaş qruplarında millimizin heyətinə dəvət olunacağına, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edəcəklərinə əminliyini bildirib. O, Azərbaycan Region Liqasında mübarizə aparan “Araz-Naxçıvan” komandasını qazanılan uğur münasibətilə təbrik edib, gələcək yarışlarda yeni qələbələr arzulayıb.
Tədbirin sonunda komandanın üzvlərinə diplom və medallar təqdim edilib.

Regionlar 2019-07-12 12:19:00