Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanlı alim Yunanıstanda arxeoloji tədqiqatlarda iştirak edib

Bakı, 12 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Yunanıstanın Saloniki şəhərində bir ay müddətində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, elmi ezamiyyət müddətində Zaur Həsənov Saloniki hava limanı yaxınlığında, elmi ədəbiyyatda “Neo Risio – Kardia Trapeza” (beynəlxalq ingilisdilli ədəbiyyatda “Trapeza of Neo Rysio – Kardia”) adlandırılan, eramızdan əvvəl IX-VI əsrlərə aid yaşayış yerində arxeoloji qazıntılarda iştirak edib. Arxeoloji tədqiqatlar Beynəlxalq Ellin Universiteti (BEU) tərəfindən 2016-cı ildə başlanıb və dünyada tanınmış Onassis Fondu tərəfindən maliyyələşdirilir.
Arxeoloji qazıntı işlərində BEU-nun arxeoloqları və “Makedoniyanın arxeologiyası və qədim tarixi” magistr proqramının müxtəlif ölkələrdən olan tələbələri də iştirak ediblər. Yaşayış yerinin memarlığını dəqiq qeyd etmək üçün ekspedisiyanın tərkibində memar da çalışıb.
Yaşayış yeri hündür ərazidəki trapesiya formalı təpədə yerləşir. Təpənin böyük bir hissəsi dağılıb, qalan hissəsi isə 1,5 hektara yaxın ərazini əhatə edib. Yaşayış yerinin tikilməsində əsas material kimi daşdan istifadə olunub. Tədqiq olunan ərazinin demək olar ki, hamısında tikililərin divarları dağıdılmış vəziyyətdədir, divar qalıqları otaqların içinə və ya kənarına tökülüb. Yalnız divarların aşağı hissələri toxunulmaz qalıb. Daşların ölçüləri düzbucaqlı deyil və müxtəlif ölçülərdədir. Odur ki, divarları dəqiq müəyyənləşdirmək və onları divar qalıqlarından ayırmaq tədqiqatçıların əsas vəzifələrindən biri olub.
Arxeoloji qazıntılar yaşayış yerinin dörd hissəsində aparılıb. Əldə olunan materiallara əsasən yaşayış yerinin əsas hissəsi eramızdan əvvəl IX-VI əsrlərə aid edilib. Bu da Yunanıstan arxeologiyasında qəbul edilən dövrləşməyə görə, Dəmir dövrünə və Antik dövrün arxaik dönəminə aiddir.
Ekspedisiyanın rəhbəri BEU-nun “Makedoniyanın arxeologiyası və qədim tarixi” ingilisdilli magistr proqramının direktoru və humanitar fakültənin dekanı, professor Manolis Manoledakisin fikrincə, abidənin coğrafi lokallaşması belə bir təsəvvür yaradır ki, qədim yaşayış yeri, şübhəsiz, strateji əhəmiyyət daşıyıb.
Qazıntı zamanı aşkar olunan, həm əllə yapılan, həm də dulus çarxında istehsal olunan keramik məmulatın əksəriyyəti yerli emalatxanalarda hazırlanıb. Bəzi keramik tapıntılarda həndəsi ornamentlər var idi. İdxal keramika daha az olub və əsasən Şərqi Yunanıstan, Attika və Korinf ərazisindən gətirilib.
Arxeoloji tədqiqatlar zamanı “SOS” tipli amforaların və Korinf mənşəli keramikanın fraqmentləri də tapılıb. Bundan əlavə, yaşayış yerində daş və metal alət fraqmentləri, toxuculuq dəzgahının ağırlıq daşları (qursalar), iy başlıqları, sümük, balıqqulağı və tuncdan bəzək fraqmentləri aşkar edilib.
Elmi ezamiyyət müddətində Manolis Manoledakis və Zaur Həsənov Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsi və BEU-nun “Makedoniyanın arxeologiyası və qədim tarixi” ingilisdilli magistr proqramı arasında 2020-2021-ci illər üçün əməkdaşlıq və magistr tələbələrinin mübadiləsi məsələlərini də müzakirə ediblər. Azərbaycanlı alim, həmçinin BEU-nun kitabxanasında çalışıb və arxeoloji bərpa laboratoriyasının işi ilə tanış olub.

Elm və təhsil 2019-07-12 11:27:00