Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“İrəvan: ensiklopedik foto-toplu”su çapdan çıxıb

Bakı, 12 iyul, AZƏRTAC 

Filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərovun və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin tərtib etdiyi “İrəvan: ensiklopedik foto-toplu” kitabı maraqlı və dəyərli olması ilə gərgin zəhmətin nəticəsidir. Topluda İrəvan mühiti ilə bağlı 110 ziyalı haqqında yığcam məlumat verilir, onların kimliyi oxucuya təqdim olunur. Tərtibçilərin kitaba daxil etdikləri foto-toplu materialları unudulmuşları, yaddan çıxmışları tarixə çevirməyin nə qədər vacib olduğunu gündəmə gətirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında yeni çapdan çıxmış “İrəvan: ensiklopedik foto-toplu”sunda əks olunub.
Kitab “İrəvan tarixinə yeni bir töhfə” başlıqlı “Ön söz”dən və “Yurd nisgilli ziyalılar”, “Hər şəkil bir tarixdir”, “Milli maarifimizin İrəvan səhifələri” bölmələrindən ibarətdir.
B.Xəlilov “Ön söz”də yazır ki, topludakı hər şəklin arxasında bir tarix dayanır. Fotolarda yaşayan tarixin özü də ən gərəkli mənbə, qaynaq rolunu oynayır. Şəkillər arasında elələri var ki, İrəvanla bağlı möhürdür, silinməyən, itməyən abidədir. Topludakı Göy məscid, İrəvanın qədim görüntüsü, İrəvan yaxınlığındakı Çobankərə kəndindən bir görünüş, Sərdar sarayı, Pənah xanın sarayı, İrəvanda Bazar meydanı və digər fotolar tarixi həqiqətləri, reallıqları təqdim etmək baxımından əvəzsizdir.

Elm və təhsil 2019-07-12 11:44:00