×
A
A
A
Sazlamalar

Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır

Qax, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu il iyulun 14-dən – ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişindən sonra başlanıb. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində ötən əsrin 70-80-ci illəri baş verən dəyişikliklərin miqyasına, xalqın maddi rifahının yüksəlməsinə görə Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə iyulun 12-də Qax şəhərində keçirilən elmi-praktik konfransda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
YAP rayon təşkilatının inzibati binasında keçirilən konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov bildirib ki, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır.
Konfransda YAP Qax rayon təşkilatının sədri, rayon icra hakimiyyəti aparatının şöbə müdiri Nizami Əhmədovun “14 iyul Azərbaycan xalqının iftixar hissi ilə qeyd etdiyi gündür” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, 50 il əvvəl respublika rəhbərliyinə yüksələn Heydər Əliyev özünün dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Konfransda çıxış edənlər dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolundakı tarixi xidmətlərindən, onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmizin qazandığı uğurlardan bəhs edib, Ulu Öndərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Regionlar 2019-07-12 11:23:00