×
A
A
A
Sazlamalar

Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 109-cu mövsümünə iyulun 14-də yekun vuracaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.
Əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər – Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Teatr və kino 2019-07-12 10:24:00