×
A
A
A
Sazlamalar

Sumqayıt gəncləri “Qaçqınlar üçün bir addım atın!” kampaniyasına dəstək olublar

Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Mehdi Hüseynzadə adına Şəhər Stadionunun süni örtüklü meydançasında “Qaçqınlar üçün bir addım atın!” devizi altında davam edən kampaniya çərçivəsində gənclər arasında mini futbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində Baş İdarənin rəisi Elgün Hümbətov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, ölkə rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışıb. Qeyd olunub ki, turnirin keçirilməsində məqsəd “Qaçqınlar üçün bir addım atın” devizi altında başlanan kampaniyaya dəstək verilməsi, gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtının səmərəli təşkili, onların potensiallarının üzə çıxarılmasıdır.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Sumqayıt Qızıl Aypara Cəmiyyətinin, Qubadlı rayonunun “Həkəri” və Sumqayıt “ASAN xidmət” mərkəzinin komandaları ilk üç pillədə qərarlaşıblar.
Qalib komandalar Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin medalları və xatirə hədiyyələri ilə təltif edilib.

Regionlar 2019-07-11 19:38:00