×
A
A
A
Sazlamalar

Riqada şahmat üzrə “Grand Prix 2019” seriyasının ikinci mərhələsinin oyunları start götürəcək

Bakı, 11 iyul, AZƏRTAC

Riqada iyulun 12-də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı “Grand Prix 2019” seriyasının ikinci mərhələsinin oyunları start götürəcək.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edəcək. Şahmatçımızdan başqa yarışlarda Aniş Giri (Hollandiya), Maksim Vaşe-Laqrav (Fransa), Aleksandr Qrişuk, Sergey Karyakin, Pyotr Svidler, Nikita Vityuqov, Daniel Dubov (hamısı Rusiya), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Veselin Topalov (Bolqarıstan), Yu Yanqi (Çin), David Navara (Çexiya), Pentala Harikrişna (Hindistan), Kriştof Duda (Polşa) mübarizə aparacaqlar.
Qeyd edək ki, Qran-Pri pley-off (uduzan çıxır) sistemi ilə keçiriləcək. Qarşılaşmalarda rəqiblər əvvəlcə iki klassik kontrollu partiya oynayacaqlar. İki partiyanın nəticəsinə görə qalib gələn şahmatçılar növbəti mərhələyə vəsiqə qazanacaq, uduzanlar isə yarışı tərk edəcəklər. Klassik partiyalarda qalib müəyyənləşməsə, rapid növü üzrə iki partiya (25+10) oynanılacaq. Bu halda da heç-heçə qeydə alınarsa, iki blits (5+3) partiya keçiriləcək. Blitsdə də heç-heçə olacağı təqdirdə qalib “Armaqedon” partiyalarda müəyyənləşəcək. Yarışda göstərilən nəticələrə görə şahmatçıların adına əvvəlki kimi xallar yazılacaq və sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə yollanacaq.
Qeyd edək ki, birinci mərhələdə iştirak edən şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilk raundda uduzaraq turnirlə vidalaşmalı olublar. Şəhriyar Məmmədyarov Riqa turnirindən başqa Tel-Əviv mərhələsində də mübarizə aparacaq. Teymur Rəcəbov isə Hamburq və Tel-Əviv mərhələlərində iştirak edəcək.

İdman 2019-07-11 18:22:00