×
A
A
A
Sazlamalar

Ulu Öndərin respublikaya rəhbərliyi dövründə Azərbaycan yüksək zirvələrə qalxdı

Xırdalan, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Abşeron Rayon Gənclər Birliyinin və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” adlı tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Bakı Mühəndislik Universitetinin, Yeni Azərbaycan Partiyasının nümayəndələri, Milli Məclisin deputatı Musa Quliyev, rayonun ziyalıları və gəncləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin büstü önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Həmçinin iştirakçılar Mərkəzin foyesində Bakı Mühəndislik Universitetinin memarlıq və dizayn ixtisasları üzrə təhsil alan tələbələrinin yaradıcılıq sərgisi ilə tanış olublar.
Mərkəzin akt zalında davam edən tədbirdə səslənən çıxışlarda 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişinin əhəmiyyətində danışılıb. Qeyd edilib ki, müasir Azərbaycan tarixinin son 50 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1960-cı illərdə Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalan respublikalardan biri idi. Ancaq Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə müasir tariximizdə dönüş baş verdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Məhz Ulu Öndərin respublikaya rəhbərliyi dövründə Azərbaycan yüksək zirvələrə qalxdı. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi üçün bir yol müəyyənləşdirib. Bu yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Heydər Əliyev siyasətinin uğurlarını yaşadır. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün əldə etdiyimiz nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir. Bütövlükdə, Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, Azərbaycan onun əsasında bundan sonra da uzun illər öz yüksəlişini təmin edəcək. Azərbaycan daha da qüdrətlənəcək, xalqımızın milli həmrəyliyi daha da güclənəcək, ölkəmizin dünya birliyində mövqeləri möhkəmlənəcək.
Çıxışlardan sonra Prezidentin Sərəncamı ilə Abşeron rayonunun sosial-iqtisadi həyatında xüsusi xidmətləri olan bir neçə şəxs ilk dəfə təsis olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Sonda rayonun ictimai həyatında səmərəli fəaliyyətə və təhsildə qazandıqları uğurlara görə Bakı Mühəndislik Universitetinin bir qrup tələbəsi fəxri fərman ilə təltif olunub.

Regionlar 2019-07-11 17:40:00