×
A
A
A
Sazlamalar

Qubada “ABAD”ın paketləmə fabriki fəaliyyətə başlayacaq VİDEO

Quba, 11 iyul, Elxan Yusifli, AZƏRTAC

“ABAD”çılar tərəfindən hazırlanan məhsulların qablaşdırılması üçün Qubada yeni paketləmə fabriki fəaliyyətə başlayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ABAD”ın sifarişi ilə şəhərin mərkəzində əvvəllər kinoteatr kimi fəaliyyət göstərmiş ikimərtəbəli bina tamamilə yenidən qurularaq əsaslı təmir olunur. Tikinti işləri yekunlaşdıqdan sonra binada yaradılacaq paketləmə fabrikində müxtəlif formalı məhsul qabları, etiketlər hazırlamaq üçün müasir avadanlıqlar quraşdırılacaq. Fabrikin istehsal sahəsi 650 kvadratmetr olacaq.
Quba Regional “ABAD” mərkəzinin direktoru Elxan Nağıyev deyib ki, hazırda “ABAD”ın sıralarına qoşulan mikro və kiçik sahibkarın sayı 400-ə çatır. Həmin sahibkarların istehsal etdiyi məhsulların müasir tələblərə cavab verən qablaşdırma ilə təmin edilməsi üçün paketləmə fabrikinə böyük ehtiyac var.
“Ümumilikdə mikro və kiçik sahibkarlar tərəfindən kiçik partiyalarla qablaşdırma vasitələrinə böyük tələbat mövcuddur. Belə bir müəssisənin yaradılması ilə ilk növbədə, “ABAD”çıların paketlərə və digər qablaşdırma vasitələrinə olan tələbatı ödəniləcək. Müəssisənin bölgədə işsizliyin aradan qaldırlmasında və milli brendimizin tanıdılmasında mühüm rol oynayacaq. Quba paketləmə fabrikinin xidmətlərindən “ABAD”çılarla yanaşı, yerli sahibkarlar da faydalanacaqlar”, - deyə o bildirib.
“ABAD”çı Roman Həsənov də Quba paketləmə fabriki fəaliyyətə başladıqdan sonra hazırladığı zərgərlik məhsullarının burada etiketlənərək öz dizaynı ilə alıcıların zövqünü oxşayacağını söyləyir.
“ABAD”a müraciət etdim və mənə işləmək üçün şərait yaradıldı. Emalatxana ayrıldı, müasir avadanlıqlarla təmin olundum. İndi bizim satış imkanlarımız daha da artıb”, - deyə R.Həsənov əlavə edib.
Quba paketləmə fabrikinin fəaliyyət göstərəcəyi ikimərtəbəli binada yenidənqurma işlərinə apreldən başlanılıb. Binanın ümumi sahəsi 1032 kvadratmetrdir. XX əsrin ortalarında inşa olunan bina uzun illər kinoteatr kimi fəaliyyət göstərsə də əsaslı təmir olunmadığından yararsız vəziyyətə düşmüşdü. Quba “ASAN Həyat” kompleksində müasir Kinoklub fəaliyyətə başlayandan sonra bu binada da restavrasiya və tikinti işlərinə başlanılıb. Hazırda binanın dam örtüyünün taxta və döşəmənin armatur konstruksiyaları quraşdırılır. Sonra daxili kommunikasiya xətləri çəkiləcək.
Mühəndis İsa Qənbərov bildirib ki, binanın əsaslı təmiri ilə yanaşı, burada 2 su anbarı, qazanxana inşa olunur. Binada konfrans zalı, iş otaqları, anbar və yeməkxana da fəaliyyət göstərəcək.
Quba paketləmə fabrikinin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.
Fabrik fəaliyyətə başladıqdan sonra “ABAD” brendində olan məhsullar müştərilərə yeni dizayn və tərtibatla təqdim olunacaq.

Regionlar 2019-07-11 17:28:00

Video