×
A
A
A
Sazlamalar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüş olub

Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, sədr Rövşən Rzayev qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşkilatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Qeyd olunub ki, təcavüzkar Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlamaqla bu torpaqların əzəli sahibi olan yüz minlərlə insanın hüquqlarını pozmaqda davam edir.
Komitə sədri bildirib ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş üzrə düşünülmüş və effektiv dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, maddi rifahının yüksəldilməsini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həlli üçün məqsədyönlü iş aparır.
Xanım Dunya Miyatoviç görüşə və ətraflı məlumata görə təşəkkür edib, Dövlət Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu bildirib.
İyul ayının 9-da Bakının Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanası və Sabunçu rayonunda salınan "Şuşa şəhərciyi"ndə məcburi köçkünlərlə görüş keçirdiyini xatırladan Dunya Miyatoviç ölkəmizə yenə səfər edəcəyini söyləyib.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Siyasət 2019-07-11 16:22:00