×
A
A
A
Sazlamalar

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi: Xan Sarayı xalqımızın mədəniyyətinin zənginliyini göstərir

Şəki, 11 iyul, Mustafa Dadaşov, AZƏRTAC

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bu qədim diyarın beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan növbəti mühüm addımdır. Təşkilatın bu qərarı son illər ölkəmizdə mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova bildirib.
Şəkinin tarixən Azərbaycanın mədəni mərkəzlərdən biri olduğunu və bu ənənənin indi də davam etdiyini vurğulayan idarə rəisi deyib: “Qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində çox zəngin tarixi-mədəni irs yaranıb. Şəki bu gün həqiqətən də zəngin tarixinə, mədəni irsinə, özünəməxsus ənənələrinə, tarixi abidələrinə, memarlıq üslubuna sadiq olan şəhərdir. Bu gün Şəki şəhəri orta əsr şəhərlərinə məxsus şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir məkandır. Xan Sarayı və digər memarlıq abidələri xalqımızın mədəniyyətinin zənginliyini göstərir. Şəki, eyni zamanda, beynəlxalq tədbirlərin çox yüksək səviyyədə keçirildiyi bir şəhər kimi də tanınır. Hər il bu şəhər beynəlxalq səviyyəli bir neçə festivala ev sahibliyi edir. Onların arasında bu il onuncu dəfə keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalını xüsusilə qeyd etmək olar”.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayının, həmçinin Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən iftixar hissi keçirdiyini vurğulayan Mirvari Zeynalova deyib: “Bu tarixi nailiyyət, əlbəttə ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəni irsimizin qorunması və təbliğinə yönəldilmiş çoxşaxəli fəaliyyətlərinin, maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği işinə göstərdikləri xüsusi diqqət və qayğının sayəsində mümkün olub”.

Regionlar 2019-07-11 15:29:00