×
A
A
A
Sazlamalar

Energetika Nazirliyi BMT İnkişaf Proqramı ilə Niyyət Protokolu imzalayıb

Bakı, 11 iyul, AZƏRTAC

Energetika Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) arasında Niyyət Protokolu imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Energetika naziri Pərviz Şahbazovla Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. P.Şahbazov bildirib ki, BMTİP ilə əməkdaşlıq ümumi maraqlara cavab verən prioritetlərin reallaşmasına və energetika sektorunda islahatların aparılmasına töhfə verəcək.
A.Frakassetti isə təmsil etdiyi qurumun fəaliyyətində enerji sahəsinin mühüm istiqamətlərdən biri olduğunu, energetika sektorunda qlobal və milli səviyyədə məsələlərin həllinə lazımi dəstəyin veriləcəyini bildirib.
Görüş zamanı Energetika Nazirliyi və BMT İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb. Protokolda Azərbaycanın enerji dayanıqlılığının təmin edilməsi, iqlim dəyişmələri, enerji səmərəliliyi, bərpaolunan enerji mənbələrindən istifadə, emissiyaların azaldılması və ətraf mühitin qorunması kimi layihələrin həyata keçirilməsində BMT İnkişaf Proqramı ilə əməkdaşlıq öz əksini tapıb. Həmçinin sənəddə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsində BMTİP ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.

Energetika 2019-07-11 12:38:00