×
A
A
A
Sazlamalar

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakı sessiyası: 166 müzakirə, 45 qərar, 29 nəticə...

Azərbaycanın dövlət siyasətinin növbəti təntənəsi

Bakı, 11 iyul, AZƏRTAC
Nümunəvi dövlətçilik siması və inkişaf yolu olan müasir, müstəqil Azərbaycanın bu gün dünya dövlətləri arasında yerini bərkitməsi və qazanılan uğurların davamlılığı bir başa həyata keçirilən uğurlu dövlət siyasətinin bəhrəsidir. Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemi formalaşdırılmaqla yanaşı, həm də xalqın mənafeyinə uyğun intensiv fəaliyyəti təmin olunur. Ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsi, onun dünyadakı nüfuzunun artmasına təkan verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan qlobal və regional layihələr dövlətimizin dünyaya inteqrasiyasını sürətləndirir. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son illər dövlətçiliyimizin devizinə çevrilib. Bir sözlə, dövlət başçısının uğurlu siyasi fəaliyyətinin təzahürü olan və bizi əhatə edən inkişaf konsepsiyasını hər bir vətəndaşımız hiss etməkdədir. Biz dövlət olaraq inkişaf edirik, güclənirik, uğur qazanırıq və uğurlarımızla fəxr edirik. Yəni ki, bugünkü dövlət siyasəti gələcəyə nikbin baxmağı tövsiyə edir.

“Azərbaycan Günəş kimi dünyaya doğacaq”

Bu gün Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi etməkdədir. Bütün bunları bir cümlə ilə belə ifadə etmək olar: - bu, ölkəmizin qazandığı beynəlxalq mövqe və çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın təcəssümüdür. Şübhəsiz ki, bu tip tədbirlər dövlətimizin adına xüsusi dividendlər gətirir. Bəli, budur, ulu öndər Heydər Əliyevin “Azərbaycan Günəş kimi dünyaya doğacaq” ifadəsi təsadüfən deyilməmişdi...

İyunun 30-dan iyulun 10-dək paytaxt Bakıda növbəti bir beynəlxalq tədbir - UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Bu beynəlxalq tədbirdə dünyanın 180-dən artıq ölkəsindən 2500-ə yaxın nümayəndə iştirak etdi. Dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən mühüm əhəmiyyətə malik tədbir dünya dövlətlərinin maddi və təbii irsinə, ən qədim abidələrinə olan dəyəri özündə birləşdirən platforma idi. Ölkəmiz tədbirin ev sahibi olmaq və Ümumdünya İrs Komitəsinə sədrlik etməklə dünya xalqlarının mədəniyyət tarixinə ehtiramını bir daha göstərmiş oldu. Məlumdur ki, Komitənin əsas vəzifəsi üzv dövlətlər tərəfindən təqdim edilmiş nominasiyalar əsasında universal dəyərə malik mədəni və təbii irs abidələrinin müəyyən olunması və Dünya İrsi Siyahısına daxil edilməsi, habelə siyahıya daxil edilmiş abidələrin qorunmasına nəzarəti həyata keçirməkdən ibarətdir.

“Biz gedərik, ancaq qalar ruzigar,

biz ölərik əsər qalar yadigar”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sessiyanın açılış mərasimində qeyd etdi ki, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. 

Birinci vitse-prezident diqqətə çatdırdı ki, Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı, milli hüdudlarından kənarda da öz təzahürünü tapır: “Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır”.
Bu toplantının işinə böyük uğurlar arzulayan Birinci vitse-prezident, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad etdi: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.

Azərbaycan UNESKO dəyərləri və prinsiplərinə sadiqdir

Şübhəsiz ki, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq əlaqələrinə önəm verən, beynəlxalq arenada müxtəlif mədəniyyətlərə və sivilizasiyalara mənsub dövlətlərə ehtiramını əsirgəməyən Azərbaycan UNESKO dəyərləri və prinsiplərinə hər zaman sadiqdir. Ümumiyyətlə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına xidmət edən bu kimi nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda gerçəkləşməsi, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə verilən yüksək qiymətin ifadəsidir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. Əlbəttə, ölkəmizlə UNESKO arasında əlaqələrin inkişafında və genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri var. Bu gün Mehriban Əliyevanın himayəsi ilə UNESKO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, gender bərabərliyi, təhsilin inkişafı və digər sahələrdə əhəmiyyətli layihələr həyata keçirilir. Ölkəmizin UNESKO çərçivəsində gördüyü işlər, qarşılıqlı fəaliyyət, təbii ki, zəngin və çoxəsrlik milli irsimizin qorunması, habelə beynəlxalq arenada təbliği və təşviqinə xidmət edir.

Azərbaycanın 3 maddi və 13 qeyri-maddi mədəni irs nümunəsi UNESKO-nun siyahısında

Məlumat üçün xatırladaq ki, ölkəmiz 1992-ci ildə UNESKO-ya üzv qəbul edilib.1996-cı ildə UNESKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Ötən ilin iyunun 24-dən iyulun 4-dək Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan komitəyə sədr seçilib və bu il ölkəmizin komitənin 43-cü sessiyasına ev sahibliyi etməsi qərara alınıb. 

Komitənin Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçirildi. Eyni zamanda, UNESKO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti müzakirə olundu. Bizim üçün maraqlı və gözlənilən məqamlardan biri də o idi ki, iyulun 7-də sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək. Həmin gün, əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) qeyd edilən nominasiya ilə bağlı hesabatı dinlənildi. Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən nominasiyanın müzakirə olunduğu diqqətə çatdırıldı. Sonra müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala və Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasını məqsədəuyğun hesab etdilər. Müzakirələrdən sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Beləliklə, Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi ümumdünya irsi hesab olundu. Bununla da Dünya İrs Siyahısına daxil edilən maddi irs nümunələrimizin sayı üçə çatdı. Fəxrlə deyə bilərik ki, hazırda Azərbaycanın 3 maddi və 13 qeyri-maddi mədəni irs nümunəsi UNESKO-nun müvafiq siyahılarında yer alır.

Dünənin, bu günün və sabahın tarixi - Şəki Xan Sarayı

Qazandığımız bu uğur - Şəkinin tarixi mərkəzinin Xan Sarayı ilə birgə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi. Bəli, dövlət başçımızın dediyi kimi, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunacaq. “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

Bakı sessiyası: 29 nominasiya, 45 qərar

Şəkinin tarixi mərkəzinin Xan Sarayı ilə birgə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın tarixində olduqca mühüm hadisədir. Bu prosesin asan başa gəlmədiyini qeyd edən sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə bildirdi ki, altı ildir Azərbaycandan ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdi. İlk mərhələdə onların təhlili kifayət qədər müsbət olmayıb. Lakin ölkəmizin gətirdiyi sübutlar və dövlətimizin başçısının məsələ ilə bağlı imzaladığı Sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynayıb. Braziliyanın UNESKO-dakı daimi nümayəndəsi Mariya Edileuza vurğuladı ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına qəbul olunduğu sessiyaya sədrlik etmək onun üçün şərəf idi. Bu mədəni irs nümunəsinin Ümumdünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir. Bu münasibətlə xalqımızı təbrik edən qonaq, bunu Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. 

“Qədim tarixə malik Şəki Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Şəki Xan Sarayı təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”, - deyə o, əlavə edib.
Omanın UNESKO-dakı nümayəndəsi Samira əl-Musa Şəki şəhəri ilə bağlı nominasiyanın Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə xalqımızı təbrik edərək qeyd etdi ki, bu, Azərbaycanın tarixi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük uğurdur.
On gün davam edən Bakı sessiyasında 29 nominasiya (24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq) UNESKO-nun siyahısına daxil edildi, 45 qərar qəbul olundu, bir fayl geri götürüldü. Bununla da UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatdı. Sonda 2020-ci ildə Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikasının sədrlik edəcəyi və sessiyanın Fuçjou şəhərində keçiriləcəyi qərara alındı. Bir daha sübut olundu ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir.

Ceyhun Alışlı
AZƏRTAC-ın müxbiri


Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Mədəniyyət 2019-07-11 11:01:00