×
A
A
A
Sazlamalar

İran MOK-un başçısı bildirib ki, beynəlxalq yarışlarda israillilərin boykotu davam etdiriləcək

Bakı, 10 iyul, AZƏRTAC

İran Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Seyid Rza Salehi Amiri bildirib ki, ayrı-seçkiliyin hər hansı formasını qadağan edən Olimpiya Xartiyasına riayət etmək vədinə baxmayaraq, onun ölkəsinin idmançıları israillilərin iştirak etdiyi yarışların boykotunu davam etdirəcək.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, İran MOK daha əvvəl Beynəlxalq Cüdo Federasiyasına və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa məktubunda Olimpiya Xartiyasına və onun bərabərlik prinsipinə tam hörmətlə yanaşacağını vəd edib.
Amiri deyib: “İsrailli idmançılarla yarışlarda iştirak etməmək müsəlman dünyasının problemidir, 20 ölkədən olan idmançılar bundan çəkinir. Biz İranın siyasi kursuna müvafiq hərəkət edirik və bu səbəbdən israillilərin mübarizə apardığı turnirlərdə iştirak etmirik”.
Sonuncu boykot hadisəsi fevral ayında Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri zamanı baş verib. Onda 81 kiloqrama qədər çəki dərəcəsində dünya çempionu Səid Mollayi israilli Saqi Muki ilə görüşməkdən imtina edib. İdmançılar avqustda Tokioda keçiriləcək dünya çempionatında qarşılaşa bilərlər.
Daha əvvəl verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və İran boykotun dayandırılması barədə saziş əldə ediblər.
Amirinin sözlərinə görə, İsrailin boykotu davam edərsə, Beynəlxalq Olimpiya Komitəsi İran MOK-a qadağalar tətbiq edə bilər.

İdman 2019-07-10 20:29:00