×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya Silahlı qüvvələrinin Baş Qərargah rəislərinin görüşü keçirilib

Bakı, 10 iyul, AZƏRTAC 

İyulun 10-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan general-polkovnik N.Sadıkov iki ölkə arasında əlaqələrin qurulmasında dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduqlarını qeyd edərək, hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkilinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini vurğulayıb.
Tərəflər hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda ordu generalı V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə ikitərəfli görüşün Bakıda təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Ordu 2019-07-10 18:48:00