×
A
A
A
Sazlamalar

Yaponiya hökuməti Hörmüz boğazındakı vəziyyətin diplomatik həlli yollarını axtarır

Tokio, 10 iyul, AZƏRTAC

Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Kotaro Noqami qeyd edib ki, Tokio Yaxın Şərqdə gərginliyin azaldılması və vəziyyətin sabitləşməsi üçün ABŞ və digər ölkələrlə birlikdə diplomatik səyləri davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə K.Noqami iyulun 10-da jurnalistlərlə söhbəti zamanı bildirib. K.Noqami ABŞ-ın Hörmüz boğazında təhlükəsizliyi təmin etmək məqsədilə müttəfiqləri ilə birlikdə koalisiya yaratmaq niyyəti barədə kütləvi informasiya vasitələrinin yaydıqları məlumatı şərh etmək niyyətində olmadığını da deyib. Onun sözlərinə görə, boğazda gəmiçiliyin hərəkətinin təmin edilməsi Yaponiyanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir və bu, beynəlxalq ictimaiyyətin sülh və inkişaf niyyətinə bərabərdir.
Yaponiya özünümüdafiə qüvvələrinin ABŞ-ın yaratmaq istədiyi koalisiyaya qoşulacağı barədə sualı cavablandıran baş katibin müavini bildirib ki, iki ölkə İran ilə bağlı vəziyyəti sıx müzakirə edirlər. K.Noqami məsələnin detallarını şərh etməyib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-07-10 17:44:00