×
A
A
A
Sazlamalar

Leysan yağışları və dolu ilə müşaiyət olunan güclü külək İsmayıllıda fəsadlar törədib VİDEO

İsmayıllı, 10 iyul, AZƏRTAC
Ötən gün axşam saatlarında leysan yağışları və dolu ilə müşaiyət olunan güclü külək İsmayıllı şəhərində və dağ kəndlərində, o cümlədən Lahıc və Basqal qəsəbələrində, Əhən, Müdrü, Həftəsiyab, Bizlan, Qaraqaya, Sulut, Xankəndi, Kələzeyvə, Sərsurə, Güyüm, Sədyan, Diyalı və sair kəndlərdə ciddi fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əksər yerlərdə kəndarası yollar yararsız vəziyyətə düşüb. Sel suları nəticəsində Lahıc qəsəbəsinin girəcəyində bir avtobus yolda qalıb.
Leysan yağışları nəticəsində baş verən torpaq axını Qaraqaya kəndində kənd sakini 1954-cü il təvəllüdlü Rüstəmov Kərəm Qərib oğlunun tövləsini uçurub, 25 baş toyuq uçan daşların altında qalaraq ölüb.
Rayonun Qarabağ qəsəbəsində məskunlaşan Şuşa rayonundan məcburi köçkün 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbətəli oğlunun evinin damının 100 kvadratmetr hissəsindən 45 kvadratmetrini külək uçurub. Damın uçan hissəsi həyətdəki yardımçı tikilinin üzərinə düşərək yararsız hala salıb.
Güclü külək nəticəsində elektrik naqilləri qırılıb, rayon mərkəzinə və 20 kəndə elektrik verilişi dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ciddi ziyan dəyib.
Hazırda dəymiş ziyan dəqiqləşdirilir, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Artıq 18 kəndə elektrik enerjisinin verilişi bərpa olunub.

Regionlar 2019-07-10 10:22:00

Video