×
A
A
A
Sazlamalar

Şəkili bərpaçı-memar: çoxdandır ki, bu layihənin həyata keçməsini arzulayır və gözləyirdik

Şəki, 9 iyul, Mustafa Dadaşov, AZƏRTAC

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı layihə sənədlərinin hazırlanmasında şəkili bərpaçı-memar, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun ekspert-mütəxəssisi Seyran Məmmədov da yaxından iştirak edib.
Bərpaçı-memar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində sənədlərin hazırlanmasının uzun sürən çətin bir iş olduğunu bildirib: “Bu layihə üzərində 2012-ci ildən iş aparılırdı. Layihənin sənədlərini xarici mütəxəssislərin də iştirakı ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu hazırlayıb. Biz əvvəlcə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində olan 1920-ci ilədək və ondan sonra tikilən evlər barədə ətraflı məlumat topladıq. Memarlıq baxımından daha çox əhəmiyyəti olan maraqlı evlərin görüntülərini əldə etdik. Şəhərin Baş planının üzərində qeydlər aparmaqla, sökülmüş tikililərin, yenilərinin qeydiyyatını apardıq. Ərazidəki qədim evlərin bir çoxuna sonradan müxtəlif əlavələr edilib. Ənənəvi memarlığa uyğunlaşdırmaq mümkün olacaq evləri müəyyənləşdirdik. Ərazidə 300-dək qədim ev var. Onların bəziləri qəzalı vəziyyətdədir. Bütün bunlar tərtib etdiyimiz xəritələrdə öz əksini tapırdı”.
Seyran Məmmədov bildirib ki, layihənin hazırlanmasında “Azərbərpa”ya kömək məqsədilə sonralar İtaliyadan təcrübəli mütəxəssislər də dəvət olunub. İtaliyalı ekspertlər yerli mütəxəssislərin hazırladığı sənədlərin üzərində işləyərək onları sistemləşdirib, qruplaşdırıb və təkliflərini veriblər.
Layihənin həyata keçməsində, ərsəyə gəlməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük xidməti və zəhməti olduğunu vurğulayan şəkili bərpaçı-memar deyib: “Prezidentimizin və Mehriban xanımın bu münasibətlə Azərbaycan xalqına təbrik ünvanlamaları məni çox qürurlandırdı. Yəni, Şəki də Azərbaycanın bir hissəsidir və bu abidələr də ölkəmizə məxsusdur. Biz çoxdandır ki, bu layihənin həyata keçməsini arzulayır və gözləyirdik. Sevinirik ki, bizim Xan Sarayımız da UNESKO-nun Ümumdünya İrs Siyahısında yer aldı, bəşəriyyətin mədəni irsi hesab olundu. Bu qərar, eyni zamanda, bizim məsuliyyətimizi daha da artırır. Hamı bilməlidir ki, bu ərazidə özbaşınalıq etmək, nəyisə sökmək, ümumi görkəmini dəyişmək olmaz. Çünki bu, artıq ümumdünya əhəmiyyətli bir məsələ, məsuliyyətdir”.

Regionlar 2019-07-09 19:02:00