×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Aqrar Universitetində II beynəlxalq yay məktəbi başlayıb

Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) iyulun 9-dan 18-dək bakalavr səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı II beynəlxalq yay məktəbi başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yay məktəbində respublikamızın ali təhsil müəssisələri ilə (17 tələbə) yanaşı, Bolqarıstan (4 tələbə), Çin (1 tələbə), Gürcüstan (3 tələbə), İran (1 tələbə), Hindistan (1 tələbə), Qazaxıstan (2 tələbə), Qırğızıstan (2 tələbə), Özbəkistan (1 tələbə), Pakistan (1 tələbə), Polşa (1 tələbə), Rusiya (2 tələbə), Türkiyə (4 tələbə), Ukraynanın (2 tələbə) ali təhsil müəssisələrindən ümumilikdə 42 tələbə iştirak edir.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yay məktəbinin təşkilinin əhəmiyyətindən, ötən illə müqayisədə məktəb iştirakçılarının sayının artmasından və coğrafiyasının genişlənməsindən danışıb. Qeyd edib ki, dövlətin dəstəyi ilə tikilmiş və hazırda məktəbin iştirakçılarının yaşadığı tələbə evi, bütövlükdə maddi-texniki bazasının möhkəmləndirilməsi, formalaşmış müasir təhsil mühiti universitetin beynəlxalq əlaqələrinə də müsbət təsirini göstərir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Aqil Quliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış ediblər.
Yay məktəbinin təşkilinə görə təşəkkürlərini bildirən əcnəbi tələbələr ölkəmizin inkişafını, universitetdə yaradılan şəraiti çox yüksək qiymətləndiriblər.
Yay məktəbi dövründə tələbələrə ABŞ-ın Texas “A&M” Universitetinin professoru Steven Hauge, İllinoys Universitetinin professoru Mohammad Babadoost, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, aparıcı şirkətlərin və ADAU-nun əməkdaşları tərəfindən ingilis dilində mühazirələr olacaq. Bununla yanaşı, məktəbin proqramına tarixi yerlərə ekskursiyalar, Gəncə “ASAN xidmət” Mərkəzinin fəaliyyəti ilə tanışlıq, Qəbələ rayonuna, Göygölə, habelə aparıcı aqrobiznes şirkətlərinə səfərlər daxil edilib.
Xatırladaq ki, ötən il iyulun 16-28-də Azərbaycan Dövlət Aqrar Universitetində 11 ölkənin ali təhsil müəssisələrindən 34 tələbənin iştirakı ilə “Davamlı İnkişaf Hədəfləri” adlı I beynəlxalq yay məktəbi keçirilib.
Tədbir universitetin beynəlxalq nüfuzunun artırılması, dövlətin aqrar sahəyə və aqrar təhsilə qayğısının təbliğ edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Kənd təsərrüfatı 2019-07-09 17:47:00