×
A
A
A
Sazlamalar

Şirvan aşıq məktəbinin təmsilçiləri Dərbənd şəhərində beynəlxalq festivalın diplomuna layiq görülüb

Astara, 9 iyul, Bağır Əliyev, AZƏRTAC

Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində “Dağlılar” devizi ilə keçirilən IX Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalı başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2004-cü ildən keçirilən festival 2012-ci ildən UNESCO-nun himayəsi altında təşkil olunur.
Beynəlxalq festival Dağıstan Respublikası başçısının dəstəyi, Rusiya Mədəniyyət Nazirliyi, V.D.Polenov adına Rusiya Dövlət Xalq Yaradıcılıq Evi, Dağıstan Respublikası Mədəniyyət Nazirliyi, Dağıstanın Mədəniyyət Nazirliyinin Respublika Xalq Yaradıcılığı Evi, Rusiya Federasiyasının UNESCO-nun İşləri üzrə Komissiyasının Dağıstan bölməsi nəzdində Qeyri-Maddi Mədəni İrs Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Builki festivalda Azərbaycan, Çexiya, Slovakiya, Serbiya, İran, Hindistan, Qazaxıstandan yaradıcı kollektivlər və Dağıstan Respublikasını təmsil edən 50-dən çox folklor kollektivi iştirak edib.
Festivalda ölkəmizi Aşıq Amil Dadaşovun rəhbərlik etdiyi Şirvan aşıqları təmsil edib. Şirvan aşıq məktəbini təmsil edən aşıqlar uğurlu çıxışlarına görə beynəlxalq festivalın diplomuna layiq görülüb.
Qeyd edək ki, festivalda Şirvan aşıqlarının tərkibində Azərbaycan Aşıqlar Birliyinin üzvü, Astara rayonundakı Sım Kənd Folklor Evinin direktoru Aşıq Elxan Əliyev də iştirak edib.

 

Regionlar 2019-07-09 17:16:00