×
A
A
A
Sazlamalar

Rəşid Behbudov adına Mahnı Teatrında şair-jurnalist Müzəffər Məlikməmmədovun yubileyi qeyd edilib

Bakı, 9 iyul, AZƏRTAC

Rəşid Behbudov adına Mahnı Teatrında məşhur şair-jurnalist Müzəffər Məlikməmmədovun 70 illiyinə həsr edilmiş ləzgi musiqi və poeziya gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ləzgi ictimaiyyətinin tanınmış nümayəndələri - “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova, “Samur” Milli Mədəniyyət Mərkəzinin sədri İmran Rzayev, general-leytenant Yaşar Aydəmirov və başqaları yubilyarı təbrik ediblər. Ədəbiyyatçılar, mədəniyyət və elm xadimləri yubilyarın zəngin həyat yolu və çoxtərəfli yaradıcılıq axtarışları barədə danışıblar.
Müzəffər Məlikməmmədov tədbirdə öz şeirlərini oxuyub, pərəstişkarlarının suallarına cavab verib, özünün son kitablarını onlara hədiyyə edib. “Suvar” ansamblının solistləri və rəqqaslar öz məharətlərini nümayiş etdiriblər.
Müzəffər Məlikməmmədov tədbir iştirakçılarına minnətdarlığını bildirərək qeyd edib ki, ləzgi poeziyasının, bu xalqın dilinin və tarixinin inkişafına yönəlmiş fəaliyyətini davam etdirəcək, oxucuları yeni yaradıcılıq uğurları ilə bundan sonra da sevindirməyə çalışacaq.

Mədəniyyət 2019-07-09 16:38:00