×
A
A
A
Sazlamalar

Əbu-Dabi gələcəyin energetikası üzrə dünya sammitinə ev sahibliyi edəcək

Əbu-Dabi, 9 iyul, AZƏRTAC

2020-ci il yanvarın 13-dən 16-dək Əbu-Dabinin Milli Sərgi Mərkəzində gələcəyin energetikası üzrə illik dünya sammiti keçiriləcək.
AZƏRTAC “WAM” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, sammit çərçivəsində yüksək səviyyəli rəhbərlərin və aparıcı iş adamlarının iştirakı ilə gələcəyin energetikası, təmiz texnologiya və dayanıqlı inkişaf sahələri üzrə bazarlardakı biznesə həsr olunmuş iclaslar keçiriləcək.
Agentliyin məlumatına görə, 2019-cu ildə təxminən 10,5 milyard dollar həcmində bərpaolunan enerji mənbələrinin yeni biznesinin yaradılması elan edilib. Bu rəqəmin 2020-ci ildə artacağı proqnozlaşdırılır. Buna səbəb bərpaolunan enerji mənbələrinin dünya və Yaxın Şərq bazarının genişlənməkdə davam etməsidir.
Hər il keçirilən gələcəyin dünya enerji sammitinin proqramına beş əsas istiqamətdə sərgi və forumlar daxil edilib: enerji, günəş enerjisi, su, tullantılar və “ağıllı” şəhərlər.
Bərpaolunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyinin məlumatına görə, hazırda qlobal elektrik enerjisi təminatına əlavə edilən yeni istehsal obyektlərinin 63 faizi bərpaolunan enerji mənbələrinin payına düşür.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi

Energetika 2019-07-09 11:59:00