Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yaponiya İranı nüvə razılaşmasının şərtlərinə əməl etməyə çağırıb

Tokio, 9 iyul, AZƏRTAC 

Yaponiya təkidlə İranı nüvə razılaşmasının şərtlərini pozmamağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Yaşutoşi Nişimura ABŞ-ın yeni təhdidləri ilə əlaqədar Tehranın 2015-ci il razılaşması əsasında müəyyənləşdirilmiş uranın zənginləşdirilməsi limitini aşmaq barədə qərarını şərh edərkən çıxış edib.
Bildirilir ki, bu ərəfədə Tehran Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) iştirakçısı olan dövlətlərin İranın iqtisadi maraqlarının ABŞ sanksiyalarından qorunması barədə tələblərini 60 gün ərzində həyata keçirmədiklərinə görə nüvə razılaşması ilə əlaqədar öhdəliklərin ixtisarının ikinci mərhələsinin başlandığını elan edib. İranlılar bəyan ediblər ki, onlar nüvə razılaşmasında nəzərdə tutulduğu kimi, uranın 3,67 faiz səviyyəsindən yüksək dərəcədə zənginləşdirilməsi prosesinə başlayırlar. Bununla yanaşı, qeyd edilir ki, mövcud problemlər dialoq yolu ilə həllini tapmalıdır.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində bildirib ki, İran heç zaman nüvə silahına malik ola bilməz və o, nüvə proqramı ilə bağlı verdiyi bəyanatlarda ehtiyatlı olmalıdır. ABŞ-ın dövlət katibi Maykl Pompeo da Tehrana yeni sanksiyalar və təcridolunma vəd edib.
Y.Nişimura deyib ki, Yaponiya Yaxın Şərqdə yayılmama və sabitlik sisteminin möhkəmlənməsinə xidmət edən nüvə razılaşmasını ardıcıl şəkildə dəstəkləyir.
İran isə bu addımları ABŞ tərəfindən nüvə razılaşmasının pozulması və Vaşinqtonun Tehrana qarı sanksiyalar tətbiq etməsinə cavab olaraq atdığını, həmçinin HBFP ölkələrinin (Alamaniya, Fransa, Böyük Britaniya və Rusiya) mövcud problemi həll edə bilməməsi ilə əlaqələndirdiyini bildirib.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-07-09 05:12:00