×
A
A
A
Sazlamalar

Qaraciyərin müasir metodla müayinəsi

Bakı, 8 iyul, AZƏRTAC

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır.
Bu barədə AZƏRTAC-a Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Tükəzban Abdullayeva bildirib.
O deyib ki, hospitalın Radiologiya şöbəsində yüksəkixtisaslı həkim sonoloqlar tərəfindən qaraciyərin FibroSkan aparatında elastometriya müayinəsi aparılır. Fibroskan qısa zaman ərzində ultrasəs dalğalarından istifadə etməklə qaraciyər sərtliyini ölçən yeni tibbi cihazdır. Bu cihazla daha çox yağlı qaraciyərdə elastometriya müayinəsi aparılır. Fibroskan cihazi ilə qaraciyər biopsiyasi ilə alına bilən toxumaların ən az 100 qatı böyüklüyündə qaraciyər sahəsi müayinə edilir. Digər aparatlardan fərqi ondan ibarətdir ki, qaraciyər xəstələrində MRT, KT, ultrasəs müayinələrində fibroz görünmür. Xroniki qaraciyər xəstəlikləri (hepatit B, C, yağlı qaraciyər xəstəlikləri, dərman qəbuluna bağlı hepatitlər) qaraciyərdə zamanla zədələnməyə yol açır və bu zədələnmə qaraciyər toxumasında fibroz əmələ gətirir. Bu üsul bizə ona görə əlverişlidir ki, adi ultrasəs dalğaları ilə qaraciyərin bütün paylarından gələn məlumatlar Fibroskan cihazına ötürülür, Fibroskan qaraciyər sərtliyini ölçərək qaraciyərin fibroz mərhələsini rəqəmlər şəklində verir. Rəqəmlərdən ibarət cədvəldə biz fibrozun dərəcəsini müəyyən edirik. Bu da həkimlərin, o cümlədən hepatoloqların, qastroenteroloqların təyin etdikləri müalicədə çox əhəmiyyətlidir. Çünki müalicələrin gedişində bu rəqəm artırsa, deməli, xəstənin vəziyyətində ağırlaşmalar var, əgər normal, yəni, dəyişməyibsə və ya azalırsa, deməli, xəstədə sağalma prosesi gedir.
Qaraciyərin vəziyyətini ən doğru dəyərləndirən qaraciyər biopsiyasıdır. Fibroskanın biopsiyadan üstünlüyü ağrısız və maddi cəhətdən daha uyğun olmasıdır. Ultrasəs dalğaları zərərsiz olduğu üçün təkrar müayinələrdən də istifadə olunur və bunun xəstəyə heç bir zərəri yoxdur. Ultrasəs dalğaları ziyansız olduğu üçün elastometriya müayinəsindən təkrar-təkrar istifadə etmək olar. Fibroskanla sirroz riski daşıyan xəstələrdə fibrozu erkən aşkar etməklə qarşısını almaq mümkündür.
Hamilə qadınlarda bu müayinələrə icazə verilmir, öd daşı olan xəstələrdə qadağandır, qaraciyər törəmələri və nəzərəçarpan assit, yəni, qarın boşluğunda piylənmə zamanı elastometriya müayinəsi aparılmır.
Elastometriya müayinəsi çox qısa müddət ərzində aparılır. Pasiyent 10-15 dəqiqəyə heç bir ağrı olmadan, zədəsiz müayinədən keçir. Müayinəyə ac gəlmək məsləhət görülür.

Sağlamlıq klubu 2019-07-08 20:06:00